Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub.
Tədbirdə çıxış edən Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətində çatdırılmasında böyük rol oynayıb. O, qeyd edib ki, onlarla jurnalist qələmini süngüyə çevirərək Vətən müharibəsinə qatılıb, böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bundan başqa, 50-yə yaxın jurnalist döyüşlərin getdiyi bölgədə fəaliyyət göstərib, düşmənlə informasiya savaşında böyük əmək sərf ediblər.
N.Məmmədli vurğulayıb ki, Azərbaycan dövləti jurnalistlərin Vətən müharibəsində göstərdyi xidməti yüksək qiymətləndirib. Şöbə müdiri söyləyib ki, M.İbrahimov və S.Abışov da İkinci Qarabağ müharibəsi dövründə daimi ən qaynar nöqtələrdə peşə fəaliyyətlərini yerinə yetiriblər, bu zaman düşmənin basdırdığı minaya düşərək şəhid olublar. O, təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar hələ də M.İbrahimov və S.Abışovun minaya düşərək şəhid olmalarına obyektiv qiymət verməyiblər.