Azərbaycan ətə olan tələbatın 92 faizini özü istehsal edir. Buna baxmayaraq ətin qiyməti son bir neçə ayda xeyli bahalaşıb. Nəinki ətin qiyməti son bir neçə ayda bazarda gündəlik istifadə etdiyimiz digər ərzaq məhsullarının da qiyməti qalxmaqdadır. Bəs görəsən bunun başlıca səbəbi nədir? Bu bahalaşama nə zamana qədər davam edəcək?
Mövzu ilə bağlı Medianews.az-a iqtisadçı- ekspert Pərviz Heydərov danışdı. Qeyd etdi ki, il ərzində bahalaşma tendensiyası heç bir ayda səngiməmiş, əksinə hər keçən ay müddətində bir az da sürət əldə etməklə yüksələn xətt üzrə inkişaf edib. İlin başa çatmasına isə getdikcə az vaxt qalır:
“Bu o deməkdir ki, 2022-ci il yaxın tarix ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq. Üstəlik, hələ bilinmir ki, gələn il necə olacaq. Yəni, mövcud bahalaşma səngiyəcək, ya yox… Hələki heç bir ümidverici gözlənti söyləmək mümkün deyil.
Ölkəmizdə bahalaşma göstəricisi 13 %-i keçib. Yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 13,2 %, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 %, qeyri-ərzaq məhsulları üzrə 7,2 %, əhaliyə xidmətlər üzrə isə 10 % təşkil edib. Avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 9 %, ötən ilin eyni ayı ilə müqayisədə isə 14,2 % yüksəldi. Yəni, yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da qiymətlər nəinki ucuzlaşmadı, heç sabit də qalmadı. Keçən ilin əvvəlindən start götürən proses beləcə davam etdi və real olaraq da davam edir.
Bu göstərir ki, proses sırf bizimlə əlaqədar amillərdən qaynaqlanmır, irəli gəlmir. Və hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət, qlobal trenddən, ümumi tendensiyadan gedir. Bir tərəfdən hazırda bazar çox güclü nəzarət tələb edir. Digər tərəfdən də bunu da tam olaraq təmin etmək mümkün deyil, çünki qiymətlərə sərt müdaxilə bazar mexanizmi prinsiplərinə ziddir.
Məsələn, bahalaşma və inflyasiya prosesində qida və kənd təsərrüfatı məhsullarının qiymətləri əsas yer tutur. Buna da əsas hərəkət və təkanverici faktor rolunda enerjidaşıyıcıları çıxış edir. Söhbət, qlobal miqyasdan gedir. Bizdə isə əsas yanacaq növləri üzrə qiymətlər nəzarətdə saxlanır. Bu, həmin yanacaq növlərinin daxildə istehsal edilməsi, yəni neft ölkəsi olmağımızla izah olunsa da, dövlətin “cibinin” hesabına başa gəlir.
Ümumiyyətlə, istehlak bazarına nəzarət və müəyyən tənzimləmələr zamanı hökumət və dövlət ziyana gedir, daha doğrusu getməyə məcbur qalır. Bu səbəbdən də kompensasiya xarakterli üsul və mexanizmlərə əl atılmalı olur.
İndi təsəvvür edək, tutaq ki, biz enerjidaşıyıcıları ölkəsi deyildik, bunları da kənardan idxal edirdik. Ölkəmiz də əgər Avropa ölkələri kimi enerjidaşıyıcıları sarıdan kənardan asılı vəziyyətdə olsaydı, haqqında danışdığımız bahalaşma və müvafiq infyasiya göstəriciləri o zaman daha “faciəli” səviyyədə olardı. Bunu da nəzərə almalıyıq.
Yəni, proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tədbiq edilir. Düzdür, effekt azdır, ona görə ki, ortada obyektiv səbəblər mövcuddur. Belə ki, bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair.
Odur ki, bahaçılıq o vaxt səngiyəcək ki, bu proses qlobal miqyasda dayanacaq. Yoxsa, ən zəruri istehlak mallarının, xüsusən də qida ilə ərzağın qiymət yüksəlişini hələ uzun müddət müşahidə etmək məcburiyyətində qalacağıq.
Ancaq buna rəğmən, hesab edirəm mütləq şəkildə birincisi, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikincisi, yerli məhsulların bazarlara çıxışı və yaxud, başqa sözlə desəm, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır, yəni geniş xarakterli növbəti bir sosial paket həyata keçirilməlidir”.
Medianews.az