“İtaliya da daxil olmaqla Avropa İttifaqına üzv olan ölkələrin Azərbaycanla dostluq və strateji əməkdaşlıq qurmağa böyük səy göstərmələri Prezident cənab İlham Əliyevin illərlə apardığı uğurlu və müdrik siyasətin məntiqi nəticəsidir”
Bu sözləri Medianew.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib. O, qeyd edib ki, 44 günlük Vətən Müharibəsində İtaliya Azərbaycana dəstək nümayiş etdirib və hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində Azərbaycana dəstək göstərib:
“Bu gün Azərbaycan Avropa İttifaqı və bu birliyə daxil olan dövlətlərlə istər iqtisadi, istərsə də siyasi sahədə sıx əməkdaşlıq edir və bu dövlətlərlə dostluq münasibətləri yüksək səviyyədədir. Artıq bir çox Avropa dövlətləri Azərbaycanı özlərinə dost və müttəfiq ölkə kimi qəbul edirlər. Bu dövlətlər arasında Avropa İttifaqının ən güclü ölkələrindən olan İtaliya xüsusi yer tutur. 2020-ci ildə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb.
Təhsil və humanitar sahədə də Azərbaycan və İtaliya arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Azərbaycanın ADA Universireti ilə İtaliyanın 5 aparıcı universiteti əməkdaşlıq edir. 2024-cü ildə Azərbaycanda Azərbaycan-İtaliya Universiteti fəaliyyətə başlayacaq.
1994-cü ildə Azərbaycan nefti Avropaya ixrac edilməyə başladı və Azərbaycan neftinin ilk ixracçı dövlətlərindən biri İtaliya oldu. Artıq Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Azərbaycan eyni zamanda Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürüb. Azərbaycanın inşa etdiyi iki neft boru kəməri ilə Avropaya neft ixracı həyata keçirilir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edilən Azərbaycanın təbii qazının çox hissəsi məhz İtaliyaya nəql olunur. Cənub Qaz Dəhlizinin istifadəyə verildiyi il yarım ərzində Azərbaycandan Avropaya 13,5 milyard kub metr qaz nəql edilib ki, bunun da 11,7 milyard kub metri İtaliyanın payına düşür.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması İtaliya da daxil olmaqla Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə olacaq. Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən əsas siyasi və iqtisadi tərəfdaşıdır.
Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrin yüksək səviyyədə qurulmasında İtaliyanın çox əhəmiyyətli rolu vardır.
44 günlük Vətən Müharibəsində İtaliya Azərbaycana dəstək nümayiş etdirərək hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində Azərbaycana dəstək göstərib. Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpa olunması işində İtaliya şirkətləri yaxından iştirak edirlər. Türkiyə şirkətlərindən sonra ən çox İtaliya şirkətləri bərpa işlərində yaxından iştirak edir. Təsadüfi deyil ki, Şuşa şəhərində inşa ediləcək məscidlərdən birinin layihəsinin işlənməsi İtaliya şirkətinə həvalə edilib. İtaliya da daxil olmaqla Avropa İttifaqına üzv olan ölkələrin Azərbaycanla dostluq və strateji əməkdaşlıq qurmağa böyük səy göstərmələri Prezident cənab İlham Əliyevin illərlə apardığı uğurlu və müdrik siyasətin məntiqi nəticəsidir”.
Medianew.az