Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun suriyalı həmkarı ilə ayaqüstü görüş keçirdiyini deməsi suriyalıların üsyanına səbəb olub.
Medianews.az xəbər verir ki, Türkiyənin Əsədlə dialoq qurmasını istəməyən bir qrup suriyalı “rejimi devirəcəyik” şüarları səsləndirərək Karkamış Gömrük Qapısına doğru irəliləyib.
Hadisələrlə bağlı açıqlama verən Qaziantep valisi Davud Gül sərhəd qapısına hücum cəhdinin olmadığını və Türkiyə Silahlı Qüvvələrinin hadisəyə müdaxilə etmədiyini bildirib. Etirazın suriyalılar tərəfindən keçirildiyini və SMO tərəfindən dayandırıldığını bildirən Davud Gül, “Cərablusda 200 nəfərin qatıldığı aksiyaya Türkiyə Silahlı Qüvvələri müdaxilə etməyib. Aksiya iştirakçıları Suriya Milli Ordusunun qərargahına yaxınlaşdığına görə nümayişə son qoyulub. Süriyalı hərbçilər havaya xəbərdarlıq atəşi açaraq aksiyanı dağıdıb”, – deyə qedy edib.
Məlumat üçün bildirək ki, 13-cü Səfirlər Konfransında çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya ilə əlaqələrlə bağlı mühüm açıqlamalar verib.
Belqradda suriyalı həmkarı ilə ayaqüstü söhbət etdiyini bildirən Çavuşoğlu bunları deyib: “Qoşulmama Toplantısında Suriya Xarici İşlər Naziri ilə Belqradda qısa söhbət etdim. Bu, görüşün proqramından kənar idi. Bu ölkənin yeganə çıxış yolunun siyasi barışıq olduğunu bildirdim. Terrorçuları təmizləmək lazımdır. Kim olmasından asılı olmayaraq. Amma digər tərəfdən Suriya müxalifəti ilə rejim arasında sülhün olması lazım olduğunu və biz, Türkiyə olaraq belə bir vəziyyətdə dəstək ola biləcəyimizi də bildirdim. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Prezident Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə görüşüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran Çavuşoğlu, “Hazırda belə bir təmas yoxdur. Putin və Rusiya rəsmiləri çoxdandır ki, prezidentimizlə görüşmək istəyirdilər”, – deyə bildirib.
Medianews.az