“Rusiya ordusuna qarşı haqlı anti-patiya var”.
Bu sözləri Əskiparada Rusiya ordusunun yeni hərbi baza tikməsini Medianews.az-a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib. Politoloq qeyd edib ki, Azərbaycan düşməndən qorunmaq üçün hərbi və siyasi sahədə işlər görməyə davam etməlidir:
“Rusiya ordusunun Ermənistan ərazisində yeni hərbi baza tikməsi bizi daha ayıq-sayıq olmağa vadar edir. Ermənistan Rusiyaya arxalanaraq zamanla təxribat törətməyə çalışır. Lakin artıq onların qarşısında daha fərqli Azərbaycan var. İrəvanın təxribat cəhdlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır. Ölkəmiz Ermənistanın mənfur əməllərindən qorunmaq üçün ordunun daha da gücləndirilməsinə, təkmilləşdirilməsinə diqqət ayırır. Həmçinin diplomatik sahədə də bir çox işlər görülür. Şuşa bəyannaməsi buna sübutdur. Bu müqavilə ilə Azərbaycan Türkiyə kimi qüdrətli dövlətlə müttəfiq olub. Türkiyə ilə birgə düşmənlərin təxribat cəhdlərinin qarşısını alacağıq!”
Politoloq Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı da danışıb:
“Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə, eləcə də 10 noyabr 2020-ci ildən sonrakı periodda baş verən neqativ hallara nəzər salanda deyə bilərik ki, sülhməramlıların fəaliyyəti qənaətbəxş deyil. Dəfələrlə Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin bölmələrinin səngər qazması, mühəndis-istehkam qurğularını formalaşdırması sülhməramlıların gözü qarşısında baş verib. Digər tərəfdən Laçın dəhlizindən qeyri-qanuni silah daşınması və terrorçu ünsürlərin regionda mövcudluğu təhlükəsizliyə böyük zərbə vurur. Rusiya sülhməramlılarının bunu görməzdən gəlməsi Rusiya ordusuna qarşı haqlı anti-patiya formalaşdırır”.
Xanlar Əlibəy
Medianews.az