“Təklif edilən yeni dəyişiklik nağdsız ödənişlərə marağı artıracaq”.
Bu fikri Medianews-a “ƏDV geri al” layihəsi ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli bildirib. Onun fikrincə, tətbiq edilən layihə çox uğurlu olub:
““ƏDV geri al” layihəsinin əsas məqsədi iqtisadiyyatın şəffaflaşmasına nail olmaqdır. Bu məsələdə insanlar əsas rol oynadıqları üçün onlarda bu sistemə maraq oyatmaq əsas məqsədlərdən biridir. İnsanlar alış-veriş etdikdən sonra çekləri saytda qeyd etməklə dövlətə xeyli kömək edirlər”.
Ekspert hazırki dəyişikliyin əsas məqsədini də açıqlayıb:
“Yeni dəyişiklik nağdsız hesablaşmaların payının artırılmasına hesablanıb. Zənnimcə, bu dəyişikliklər qüvvəyə minərsə, insanların nağdsız hesablaşmalara marağı artacaq. Əvvəllər insanlar kartı yalnızca pulu nağdlaşdırmaq üçün istifadə edirdilərsə, indi pulun kartda qalmağında maraqlı olacaqlar. Bununla da pullar əllərdə yox, maliyyə sistemində qalacaq. Zamanla da nağd pula olan tələbat aşağı düşəcək”.
Xanlar Əlibəy
Medianews.az