“Dünyada gərginliyin yüksələn xətt üzrə artması planetimizi çətin bir dövrün gözlədiyinin xəbərçisidir. Ukraynada müharibə, Avropada enerji problemi, Çin-Tayvan arasında gərginlik, Suriyada hərbi vəziyyətin gərginləşməsi, Kosovoda müharibə təhlükəsi, dünyada ərzaq böhranı və s. məsələlər fonunda Azərbaycanın necə düzgün bir siyasət yürütdüyünün şahidi olmaq olar”.
Bunu Medianew.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, baş verən gərginliklər, müharibələr, iqtisadi böhranlar ölkə rəhbərlərini daha diqqətli olmağa və daha uzaqgörən siyasət yürütməyə vadar edir: “Çünki yaranan xaosdan əsasən də sadə insanlar əziyyət çəkir. Bu cəhətdən biz həqiqətən özümüzü xoşbəxt vətəndaş hiss edə bilərik. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasət bu gün Azərbaycana elə bir imkanlar yaradıb ki, biz dünyada baş verən proseslərə baxmayaraq stabil, dinamik inkişafa yönəlik bir ölkə sakini olaraq sabitlik adasında yaşayırıq”.
Deputat vurğulayıb ki, beynəlxalq gərginlik və güc mərkəzlərinin qarşı-qarşıya durduğu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə liderinin biliyi, bacarığı, qətiyyəti və uzaqgörənliyi, ideal daxili və xarici siyasəti, eləcə də mükəmməl ordu quruculuğu tələb olunur: “Bütün bu xüsusiyyətləri özündə birləşdirən Prezident İlham Əliyev xaricdən gələn çoxsaylı təzyiqlərə baxmayaraq, 44 gün ərzində Ermənistanın və onun havadarlarının müqavimətini qıraraq yeni geosiyasi və hərbi reallıq yaratdı. Bizim 44 günlük haqq savaşımızda və ondan sonrakı dövrdə Azərbaycanın yürütdüyü siyasət müharibədən çıxan bir dövlət kimi bizi zəiflətmədi əksinə daha da gücləndirdi”.