Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin ötən cümə günü seçki çıxışı etdiyi Nara şəhərində silahlı hücumda ölməsindən sonra qətl ittihamı ilə aparılan istintaqda yeni təfərrüatlar ortaya çıxıb.
Şinzo Abeni öldürən şübhəlinin hücumu bir il planlaşdırdığı və dağlıq bölgələrdə hədəf tətbiqi ilə sui-qəsd etməyə hazırlaşdığı məlum olub.
Medianews.az xəbər verir ki, silah düzəltməyi “Youtube”dan öyrəndiyini etiraf edən şübhəlinin internetdən boş patron və barıt sifariş etdiyi də müəyyən edilib.
41 yaşlı qatil Tetsuya Yamaqamin verdiyi açıqlamada hücumu 1 il əvvəl həyata keçirməyə qərar verdiyini açıqlayıb. İlk mərhələdə əl istehsalı partlayıcı istehsal edərək Abeyə hücum etməyi planlaşdırdığını deyən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) keçmiş əməkdaşı Yamaqaminin daha sonra fikrini dəyişərək silah istehsalını öyrəndiyi bildirilib. Youtube-dan tapança düzəltməyi öyrəndiyini etiraf edən şübhəlinin internetdən boş patron və barıt sifariş etdiyi qeyd edilib.
Qeyd edək ki, sui-qəsd nəticəsində öldürülən, ən uzunmüddətli sabiq Baş nazir Şinzo Abe bu gün dəfn edilib.
Şinzo Abe ilə vida mərasimi keçirilib. Mərasimə minlərlə insan toplaşıb.
Medianews.az