“İctimai nəqliyyatda baş verən insidentdə hər iki tərəfin günahı var idi. Əvvəla sərnişindaşınmada müəyyən nəzakət qaydalarına əməl olunmalıdır. Daşıyıcının buna görə məsuliyyəti var. İşçiləri vaxtı-vaxtında təlimatlandırmalıdır. İşçilərin yorğun, əsəbi olmaması üçün tədbirlər görməlidir. Amma insidentdə nəqliyyat vasitəsini idarə edən şəxsə qadın mane oldu, ona hücum çəkdi və ona zərbələr endirməyə başladı. Sürücü ona cavab verdi və cavab bir qədər adekvat alınmadı. Qapı açıq idi, qadın aşağı yuvarlandı və xəsarət aldı”.
Bu sözləri Medianews.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, xəsarətin dərəcəsindən asılı olaraq sürücüyə məsuliyyət yarada bilər: “Amma bütün hallarda qadının da məsuliyyəti öz yerində qalmalıdır. Çünki ən azı orada xuliqanlıq edib, sürücüyə hücum çəkib, onu təhqir edib, zərbə vurub, ictimai nəqliyyatın hərəkətinə maneə yaradıb. Amma sürücü gərək özünü soyuqqanlı aparardı və belə olardısa məsuliyyət qadında qalacaqdı. Çünki bir neçə dəfə belə insidentlər olub və nəticədə sürücüyə hücum edən şəxs barəsində qqanunvericiliyin imkan verdiyi sərt tədbirlər görülüb. Məsələn inzibati həbs həyata keçirilib, cərimə olunub və s”.
Ekspert qeyd etdi ki, qadına tətbiq olunacaq məsuliyyəti istintaq müəyyən etməlidir: “Amma burada sürücü ona hücum edən qadına fiziki güc tətbiq edirsə nəticədə qadın yuvarlanıb aldığı xəsarətin dərəcəsinə uyğun olaraq məsuliyyət yaranacaq. Bədənə az ağır və ya ağır xəsarət dəyibsə burada cinayət məsuliyyətindən də söhbət gedə bilər. Qadının hərəkətində məsuliyyət var. Amma inzibati yoxsa cinayət məsuliyyətidir bunu istintaq müəyyənləşdirməlidir”.
Sahib Məmmədovun sözlərinə görə, sürücünü işdən çıxarmaq yox araşdırma aparılana qədər kənarlaşdırıla bilər: “Ümumiyyətlə şəxs barədə məhkəmənin qüvvəyə minmiş hökmü olmadan onu işdən çıxarmaq olmaz. Amma nəzərə almaq lazımdır ki, bu onun iş yerində baş verib. İş yerində baş verdiyinə görə işə götürən onu işdən kənarlaşdıra bilər. Bu isə əmək müqaviləsinə xitam vermək mənasına gəlmir. Amma sonrakı prosesin gedişində əgər istintaq orqanının qənaəti sürücünün əməlində ya inzibati ya cinayət məsuliyyəti müəyyən edərsə işəgötürən əmək müqaviləsinə xitam verə bilər”.
Zərif Ülvizadə
Medianews.az