İnsanların qeyri-ciddi mediaya daha çox maraq göstərdiyini bilirik. Yəni hansı saytlar daha qeyri-ciddi xəbər paylaşsa, onların oxunması daha çox olur. Bəs bu jurnalistika sahəsində yol verilən bir haldırmı? Jurnalistin oxucu toplamaq üçün belə yollara əl atması düzgündür? Ölkəmizdə bunun qarşısının alınması üçün hansı işlər görülür?
Medianews.az-a danışan Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, insanlarda sensasion marağa, məlumatlara, çevik materiallara daha çox maraq var və bu da yeni deyil:
“Belə hallarv zaman-zaman baş qaldırır, bundan da bəzən sui-istifadə halları olur. Təsadüfi deyil ki, dünyada sarı media tipi deyilən media ortalığa çıxır ki, o da məhz bu cür manipulyativ materialların üzərində öz işini qurur və daha çox auditoriya, tiraj toplayırlar. Məsələ bundadır ki, niyə adamlar ona daha çox meyil edirlər”?
Sədr bildirdi ki, bunun qarşısını almaq peşəkar jurnalistlərin işidir:
“Dünyada hazırda müzakirə gedir ki, peşəkar media bu cür məqamlarda necə davranmalıdır? Çünki insanlarda daha çox maraq sensasion operativ materiallarıdır, jurnalistika isə çox dəqiqləşdirilmiş və peşəkar informasiyalar verir. Əlbəttə oxucu zövqü idarə olunan bir şeydir. Yəni nə qədər çox sensasiyalı material verirsənsə oxucu zövqü o istiqamətdə daha çox meyil edir. Amma bunun qarşısını almaq üçün məsuliyyət daha çox jurnalistlərin üzərinə düşür. Ona görə də təsadüfi deyil ki, jurnalistlər üçün etik kodeks tərtib olunmasının səbəbi odur ki, jurnalist olan şəxs auditoriya, daha çox aypi qazanmaq üçün sensasiyalı materiallar yayıb oxucunu aldatmamalıdır, onun zövqü ilə manipulyasiya etməməlidir. Jurnalistikanın əsas prinsipi odur ki, burada jurnalist obyektivlik, dəqiqlik gözləməlidir. Bu məqamda da yeni bir problem çıxır. Bizdə deyirlər ki, jurnalist məsələni dəqiqləşdirmək üçün, dəqiq, obyektiv, qərəzsiz, düzgün material hazırlayır. Materialı hazırlayınca manipulyativ saytlar daha çox qabağa düşürlər. Onlar tələm-tələsik qeyri-dəqiq informasiyaları yaymaqla auditoriyanı daha çox cəlb etmiş olurlar”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, xaricdə peşəkar jurnalistlər öz auditoriyalarını qoruyub saxlayır:
“Mənə belə gəlir ki, belə bir iddiaya qapılıb qalmaq olmaz. Çünki bu cür məsələlərin ortalığa çıxmasının bir səbəbi bizdə yeni media alətləri barədə məlumatların az olmasıdır. Bizdə adətən yeni media deyəndə veb saytların qurulması, materialların oradan paylanması nəzərdə tutulur. Amma əslində yeni, rəqəmsal medianın özünün informasiya təqdimatında, tərtibatında da çox-çox yeniliklər ortalığa çıxıb. O tərtibatları öyrənməklə biz həm operativliyi, həm çevikliyi təmin edə bilərik, həm də audiyanı əldə saxlaya bilərik. Biz diqqət etsək görərik ki, xaricdə olan peşəkar KİV-lərin əksəriyyəti öz əvvəlki olan auditoriyanı saxlayırlar. Yəni auditoriya daha çox dəqiq, obyektiv, qərəzsiz, peşəkar informasiyaya yönəlib, nəinki bu sensasion materiallara. Bu da ondan irəli gəlir ki, dünyanın inkişaf etmiş əsas media qurumları həmin o yeni media texnologiyalarını tamamilə əxz edə, mənimsəyə biliblər. Onlardan istifadə etməklə həm peşəkar xəbər verirlər, həm də onu daha çox auditoriyaya çatdırmağa, daha çox auditoriyanı əhatə etməyi bacarırlar”.
O, bildirdi ki, bizdə bu məsələni media agentliyi başlayıb:
“Ənənəvi mediadan yeni mediaya keçidlə bağlı bir dəfə kurs keçiblər. Amma mənə elə gəlir ki, bunu sistemli şəkildə etmək lazımdır. Bizim media qurumlarını, subyektlərini yeni media alətləri ilə daha dərindən tanış etmək lazımdır ki, onlar həm peşəkar, dəqiq informasiya verə bilsinlər, həm də auditoriyanı əldə saxlaya, daha çox əhatə edə bilsinlər. Bu sahədə Azərbaycanda kompleks işlər gedir. Azərbaycanda media haqqında yeni qanun qəbul olunub. Yeni media qanunun tələblərindən biri də əhalinin media savadlılığının artırılmasıdır. Bu çox yaxşı bir addımdır və hesab edirik ki, auditoriyanı yenidən peşəkar medianın əhatəsinə qaytarmaqdan ötrü atılmış çox gözəl bir addımdır çünki əgər əhalidə ümumi informasiya istehlakçılarında media savadlılığı yüksək olarsa, təbii ki, onlarda sensasion ucuz xəbərlərdən qaçıb daha çox peşəkar xəbərlərə və bu peşəkar xəbərləri istehsaledən peşəkar media subyektlərinə üz tutmuş olacaqlar”.
Müşfiq Ələsgərlinin fikrincə, bu problemin aradan qaldırılması üçün kompleks proqramlar həyata keçirilməlidir:
“Bu problemin səbəbləri bir deyil, bir çoxdur. Ona görə də bu problemin aradan qaldırılması üçün də çoxsaylı problemləri əhatə edən kompleks proqramlar həyata keçirilməlidir. Burada həm əhalinin media savadlılığı, həm bizim peşəkar KİV qurumlarının yeni media alətləri barədə bacarıqları, bilikləri, savadları artırılmalıdır. Bu 2-3 səbəb biryerdə kompleks şəkildə həll olunanda ucuz xəbər bazarı da məhdudlaşmış olacaq”.
Zərif Ülvizadə
Medianews.az