Mingəçevir Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Ella Yaqubova Medianews.az saytına müraciət edib. Aktrisa bildirib ki, zamanında yaradıcılarından biri olduğu Mingəçevir Dövlət Dram Teatrında müqaviləsinə xitam verilib. Xalq artisti 53 il çalışdığı teatrda əmək müqaviləsi bitdiyi üçün xitam verildiyini, istisna olaraq xidməti müqavilə ilə saxlana biləcəyini deyib. Lakin teatrın direktoru xidməti müqavilə ilə işləməyə razılaşmayıb. Müsahibimiz qeyd edir ki, Azərbaycan teatrlarında ondan da yaşlı sənət adamları xidməti müqavilə ilə fəaliyyət göstərirlər.
– Dekabrın 30-da mənim 75 yaşım tamam oldu. Ondan bir gün öncə-dekabrın 29-da teatrın rəhbərliyi müqaviləmə xitam verdi. Bir gün gözləmədi ki, ad günümü keçirim. Bu mənə çox pis təsir etdi. Doğum günümdə teatrın kollektivi məni təbrik etdi. Açığı həmin günü teatra getmək istəmirdim, dedilər ki, gəlməlisiniz. Teatra gəldikdə rəhbərlik mənə çiçək təqdim edib, tərifləməyə başladı. Mən də dedim ki, əgər o təriflərə layiqəmsə və yaxşı aktrisayamsa niyə məni teatrdan uzaqlaşdırırsınız? Axı teatrda yaşına görə müqavilə ilə də çalışanlar da var. Ancaq yenə də mənim müqaviləmə xitam verildi. Xitam verdikdən sonra məni xidməti müqavilə ilə saxlaya bilərdilər, amma etmədilər. Səbəb də o oldu ki, mən rəhbərliyin səhvlərini üzünə demişəm. Özümü sağlam, gümrah hiss edirəm. Müqaviləmə xitam verilməmişdən bir həftə əvvəl səhnədə tamaşa oynamışam. Bu teatrın aktrisaya böyük ehtiyacı var. Mənim orada özüməməxsus obrazlarım var. Teatrda yeganə Xalq artistiyəm.
Bu tearda şəxsi təşəbbüsümlə gənc aktyorlardan ibarət “Ümid” studiyası yaratmışam, o zaman Respublika teatrlarının heç birində studiyalar fəaliyyət göstərmirdi. İndi bu dəqiqə səhnədə fəaliyyət göstərən gənclərdən 18 nəfər mənim yetirmələrimdir. Buna da hörmət qoymadılar.
-Neçə ildir teatrda çalışırsınız?
– 56 ildir ki, Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmət edirəm. Dövlət tərəfindən xidmətlərimə görə Tərəqqi, Əməkdar artist, Teatr Xadimlər İttifaqı tərəfindən “Sənətkar” medalı və Xalq artisti fəxri adına layiq görülmüşəm. Dəfələrlə teatr festivallarında iştirak etmişəm. 56 illik əmək fəaliyyətimə belə xitam verildi. Teatr direktoru onunla birlikdə işləməyimi istəmədi. Halbuki Mingəçevir Dövlət Dram Teatrının aktrisaya ehtiyacı var.
– Mingəçevir Dövlət Dram Teatrı niyə aktrisa baxımdan problem yaşayır?
– Kollektivimiz çox deyil, gənc aktyorlarımız azdır. Ömrünü teatra həsr edən bir aktrisa niyə teatrdan uzaqlaşdırılmalıdır? İndi öz yaşıma uyğun obrazlar oynaya bilərəm. İncimirəm, eybi yox teatr direktoru işləmir mənimlə işləməsin. Bizim indi gənclərə örnək olan zamanımızdır. Mən istəmirəm ki, Mingəçevir Dövlət Dram Teatrı kənarda qalsın, onun yaşamasını istəyirəm. Bu teatrı yaradanlardan biri də mənəm, onu yaşatmaq mənim borcumdur.
– Bu zamandan sonra teatrdan gözləntiləriniz nə idi?
– Mən dəfələrlə Prezident Mükafatına layiq görülmüşəm. Mingəçevir şəhərinin bütün tədbirlərində yaxından iştirak edib, xalqımızın ağrılı- acılı günlərini əks etdirən tamaşalarda həm ssenari müəllifi, həm rejissor kimi fəaliyyət göstərmişəm. Dəfələrlə sənədlərim mənə Prezident təqaüdü verilməsi üçün rəhbərlik tərəfindən nazirliyə təqdim olunub, lakin bugünə qədər təqdimatım nəzərə alınmayıb. Mənə Prezident təqaüdünün maddi tərəfindən daha çox onun bəxş etmiş olduğu qüruru və fəxarəti, şərəfi daha önəmlidir.
Bu gün 76 yaşın içindəyəm 325 obrazın ifaçısıyam. Şair demişkən insanlara vaxtında qiymət vermək lazımdır. Məgər mən buna layiq deyiləmmi? İstedadım, bacarığım… Gənclər bizə baxıb deməz ki, sənətkara qiymət vermirlər? Gənclərə ruh yüksəkliyi yaratmaq üçün hər kəs öz qiymətinə vaxtında nail olmalıdır. Axı bura nə Ella Yaqubovanın, nə də Anar Quliyevin atasının teatrı deyil. Bura dövlət teatrıdır. Mən bu teatrda yeganə Xalq artistiyəm.
Biz 1968-ci ildə müxtəli8f teatrlardan toparlanıb bu teatrı yaratmışıq. Mən studiya yaradıram, aktyor yetişdirirəm, ordan-burdan gəncləri cəlb edirəm, onlara hər şey öyrədirəm ki, teatr boş qalmasın. Bugün mənim o yetirmələrim olmasaydı bu teatr kiminlə çalışardı? Ali təhsil ocaqlarından buraya heç kim gəlmir. Bircə gənc rejissor Vüsal Mehralıyev təyinatla gəlib. Ona da kömək lazmdı, peşəkar dəstək lazımdı axı. Çox istedadlı gəncdir, o da tək başına nə etsin?
-Digər teatrlarda necə çalışmağı düşünürsünüzmü?
-Mən hazırda bütün teatrlarda çalışa bilərəm. Hara getsəm məni xidməti müqavilə ilə işə götürərlər. Amma Niyə mənim zəhmətim unudulmalıdır? Niyə yaratdığım, əmək qoyduğum teatrda çalışmayım”.
Medianews.az
Xəyalə Rəis