Azərbaycanda 7 ildə narkotiklə bağlı 24 440 nəfər saxlanılıb. Bu 7 il ərzində 21 tondan çox narkotik dövriyyədən çıxarılıb. Narkotiklərin dövriyyəsi ən çox Sumqayıtda qeydə alınıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında məlumat açıqlanıb.
Belə bir durumda isə Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyətlinin ləğvi üzrə qanun layihəsi qəbul olunmaq ərəfəsindədir. Yeni qaydalar narkomaniya ilə bağlı vəziyyəti daha da pisləşdirə bilərmi?
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov Medinews.az saytına açıqlaması zamanı bildirib ki, narkomaniya bütün dünyada tüğyan edir.
“Məsələn, Avropanın inkişaf etmiş ölkələrinin biri üçün deyilirdi ki, orada inneksion narkomanların sayı 13 nəfərdir. Biz oraya mübadilə üçün getdikdə isə özümüz 2 saat ərzində 15 inneksion narkomanla görüşdük. Sadəcə orada dövlət nakomanlara sivil formada kömək edir. Onlara yerlər ayırır, qayğı göstərir, onları müalicə etmək üçün qismən bağlı yerlərdən istifadə edilir”.
Ekspertin sözlərinə görə, artıq həbsxanalarda və narkodisponserlərdə demək olar ki, yer yoxdur.
“Narkodispanserlərin sayı 6 ədədir, narkomanlar isə qat-qat çoxdur. Oradakı yerlərə nisbətdə təzminən 50, 100 dəfə çoxdur və hər kəsin müalicə üçün imkanı yoxdur.
Bunun qarşısını almağın birinci yolu narkotik satışının qarışını almaqdır. Lakin bununla bütün dünya mübarizə aparsa da bacarmır. Bu gün yeni narkotiklərin istifadəsi daha da asanlaşdırılıb. Əvvəlki narkotiklər üçün bir neçə kimyəvi maddə, şpris və digər avadanlıqlar tapmaq lazım olurdu. Yenilər də isə bunların heç birinə ehtiyac yoxdur. Bu səbəbdən də narkomaniya dünyada tüğyan edir”.
Ekspert bildirir ki, narkotikləri yayanların demək olar ki, 70 faizi elə narkotik istifadəçilərinin özləridir.
“Məsələn, 1-3 dəfə istifadədən sona asılılıq yaranır və bu psixoloji, fiziki asılılıqdan çıxmaq üçün o narkotikdən ağrıkəsici kimi istifadə etməli olur. Bu gün 10 manatlıq, bir ay sonra 50 manatlıq, iki aydan sonra daha yüksək dozaya qalxır. Bu zaman da təbii ki, günə 300-500 manat tapa bilmir və məcburi cinayətə, oğurluğa başlayır. Cinayətə başlamaqdan da əlavə həmin şəxlər narkotiki satmaqla məşğul olmağa başlayırlar”.
Eksperin sözlərinə görə, son 5 ildə narkodispanserdə müalicə olunmuş insanların 90 faizi yenidən narkotikə qayıdıb.
“Çünki həmin şəxslər müalicə olunub ağrıdan xilas olurlar, amma psixoloji asılılıqları qalır. Psixoloji asılılıq üçün də reablitasiya olunmalıdırlar. Bu mərkəzlər isə ölkəmizdə yoxdur. Olanlar isə çox bahadır. Dövlət bu məsələyə baxmalıdır. Təsadüfi bu yola düşən, cəmiyyətə lazım olan, işləyən insanları müalicə etməlidir”.
Emil Maqalov bildirir ki, aidiyyatı qurumların mexanizləri köhnədir və işləmir.
“Dəfələrlə çıxışlarımda bu məsələlər toxunmuşam. Təbliğat, təşviqat işlərində insanların, tələblərin psixologiyasını bilmək, onların hansı hallarda danışa biləcəyini hesablamaq lazımdır.
Əsas problemlərdən biri isə orta məktəblərdəki psixoloqlarının vəziyyətidir. Onların çoxu demək olar ki, narkomanlarla işləməyib. Yarısından çoxu narkomaniyanın dərinliyindən xəbəri yoxdur və bununla bağlı işlər görə bilmir.
Digər məsələ isə həmin psixoloqların əmək haqqı məsələdir. Mütləq şəkildə psixoloqların əmək haqqına, şəraitinə baxılmalıdır. Hər 150-200 uşağa bir psixoloq verilməlidir ki, gələcəkdə həmin uşaqlarda da bu cür hallarla rastlaşılmasın”.
Leyla