Suriya prezidenti Bəşər Əsəd Suriya rejiminin əsas hərbi dəstəkçisi olan Tehrana gözlənilməz səfəri zamanı İranın ali lideri və ölkə prezidenti ilə görüşlər keçirib.
Bizimyol.info xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasına (SNSC) bağlı orqan olan “Nournews”un verdiyi məlumata görə, Əsəd bazar günü səhər İranın paytaxtına gözlənilməz səfəri zamanı Ali Rəhbər Ayətullah Əli Xamenei və prezident İbrahim Rəisi ilə görüşüb. O, həmin gün Dəməşqə geri dönüb.
Ali rəhbərin saytı görüşü təsdiqləyib. Xəbərdə Xamneyinin Əsədə “beynəlxalq müharibədə qələbəsinin” Suriyanın etibarını artırdığını və İranın ikitərəfli əlaqələri inkişaf etdirmək istədiyini söylədiyi bildirilib.
“İndiki Suriya müharibədən əvvəlki Suriya deyil, baxmayaraq ki, o vaxt heç bir dağıntı yox idi, lakin indi Suriyanın hörməti və etibarı daha da artıb. Artıq hamı Suriyanı bir güc kimi qəbul edir. Bizim prioritetimiz ikitərəfli tərəfdaşlığı, o cümlədən dövlət və özəl sektorlar vasitəsilə genişləndirməkdir. İran dünyada iqtisadi vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşməsi fonunda Suriyaya hər cür dəstəyi verməyə davam edəcək”.
Xamenei həmçinin bölgədə İsraillə əlaqələri normallaşdıran və ya onun rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirən ölkələri hədəfə alıb.
Rəisi Tehranın Suriya xalqına müharibədən sonrakı dövrün çətinliklərini aradan qaldırmağa kömək etməyə hazır olduğuna işarə edib və qeyd edib ki, “suriyalıların iztirabları iranlılar üçün də ağrıvericidir”.
Öz növbəsində Əsəd İranı “əsl dost və tərəfdaş” adlandırıb. O vurğulayıb ki, Dəməşq və Tehran arasında sıx qarşılıqlı əlaqə təkcə İran və Suriyanın deyil, həm də bütün region xalqlarının maraqlarına xidmət edir. Bu, Suriya prezidentinin 2011-ci ildə Suriyada müharibə başlayandan bəri Tehrana ikinci səfəridir. O, bundan əvvəl 2019-cu ilin fevralında ən böyük regional müttəfiqi olan İranın ali lideri ilə görüşmüşdü.
Həmin vaxt İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin baş komandanı Qasım Süleymani Əsədi səfərində müşayiət etmişdi.
Süleymani keçmiş prezident Donald Trampın dövründə 2020-ci ilin yanvarında İraqda ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.
P.S. Müşahidəçilərin qənatəniə görə, Əsəd Rusiyanın zəifləməsindən narahat olmağa başlayıb. Əsədi himayə edərək hakimiyyətdə saxlayan Putinin vəziyyəti ağırlaşdıqca Suriya diktatoru İrandan daha çox dəstək gözləyir.