“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması qaçınılmaz olacaq. Ancaq Azərbaycan xalqı heç bir vaxt nə 30 illik işğal dövrünü, nə də bu müddət ərzində ermənilərin xalqımıza qarşı törətdikləri ən müxtəlif hərbi cinayətləri, Xocalı soyqırımını, maddi-mədəni irsimizə qarşı törədilən barbarlığı əsla unutmayacaq”.
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Medianews.az-a açıqlamasında deyib. O, 29 il 8 may-ı Şuşanın işğal günü kimi qeyd etməyimizdən, eləcə də Şuşada yeni tarixin yazıldığı dönəmlə bağlı danışarkən bildirib ki, Azərbaycanın erməni işğalçıları və faşizmi üzərində əldə etdiyi tarixi qələbə ədalətin və beynəlxalq hüququn təntənəsidir:
“Xalqımız bu zəfəri əldə etmək üçün çox dərin mərhumiyyətlərdən, iztirab və məşəqqətlərdən keçdi. Ancaq güclü olmağı, bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı. Nəhayət, tarix və geostrateji şərtlər münasib olar-olmaz öz müzəffər Ali Baş Komandanının rəhbərliyi altında yaratdığı güclü ordu sayəsənidə ən ağrılı problemini həll etdi. Ərazi bütövlüyünə qovuşdu. Hazırda isə regionda öz lehinə yeni güc tarazlığı formalaşdıraraq uzunmüddətli və davamlı sülh üçün səylər göstərir. Cənubi Qafqazın sülh və əməkdaşlıq gündəmini diqtə edir. Şübhəsiz ki, postmüharibə mərhələsi bir müddət sonra sülh danışıqları dövrünü şərtləndirəcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da qaçınılmaz olacaq. Ancaq Azərbaycan xalqı heç bir vaxt nə 30 illik işğal dövrün,ü nə də bu müddət ərzində ermənilərin xalqımıza qarşı törətdikləri ən müxtəlif hərbi cinayətləri, Xocalı soyqırımını, maddi-mədəni irsimizə qarşı törədilən barbarlığı əsla unutmayacaq. Şübhəsiz ki, işğala məruz qalan hər qarış vətən torpağı xalqımız üçün əziz və qiymətli idi. Ancaq 1992-ci il may ayının 8 -i tarixi Şuşanın işğalı ayrıca bir faciə idi. Çünki Şuşanın itirilməsi hərbi-strateji kontekstə həm də Qarabağı azad etməyimizlə bağlı ümidlərimizin itirilməsi idi. Bizim üçün bir mənəvi qırılma hadisəsinə çeviriləcək qədər dərin psixo-emosional fakt idi. Üstəlik, Şuşa kimi hərbi baxımdan olduqca böyük əhəmiyyətə malik yüksəkliyin düşmənin nəzarətinə keçməsində xəyanət izlərinin də olması Şuşa azad olunanadək hər bir azərbaycanlının ürəyində dərin bir yara idi. Ancaq uzun illərdən sonra Prezident İlham Əliyev və qalib ordumuz Şuşanı işğaldan azad etməklə Azərbaycan xalqının milli qürur və ləyaqətini özünə qaytardı. Biz qalib xalqa çevirildik. Bundan sonra Qarabağda, Şuşada, Zəngəzurda əbədi yaşayacağıq. Ancaq heç vaxt bizə qarşı düşmənçilik edənləri unutmayacağıq, unutdurmayacağıq”.
Xəyalə Rəis
Medianews.az