“Gündəmlə səsləşən heç bir sosial və ictimai motiv olmadıqda o seriala ancaq evdar qadınlar baxa bilir. Seriallarımızın mövzuları absurddur”.
Bu sözləri Medianews.az-a açıqlamasında gənc kinematoqrafçı, rejissor, ssenarist Amil Məmibəyli bildirib.
“Məncə daha çox Türkiyə seriallarının imitasiyası gedir. Ancaq qardaş ölkədəki serialların heç olmasa mövzularında ictimai bir alt kontekst və motiv var. Bu motivi üzə çıxarmaq isə yaradıcı adamlardan daha çox, o seriala maliyyə ayıran adamların zövqündə olmalıdır. Bu isə təəssüf ki, yoxdur. Bu olmadıqca da, serialı qəbul edən həmin adamla rejissor arasında əlaqə qırılır.
Azərbaycanda məncə serial tamaşaçısı iki yerə ayrılır. Valideyinlərin və onların övladlarının baxdıqları seriallar. Övlad dedikdə bu daha çox 14+ dan başlayır. Övlad “Netflix”-dəki 10-12 seriyalıq intellektual seriala, valideyinlər isə sayı-hesabı bilinməyən, saqqız kimi uzanan seriala baxır. Mən özüm, həmin o saqqız kimi uzanan serialı ancaq axşam şam yeməyində izləmək məcburiyyətində qalaraq baxıram. Anam baxır deyə mən də bir neçə dəqiqə həmin serialı izləməli oluram.
Bir dəfə bu saqqız kimi uzanan serialın rejissorlarından biri mənə demişdi ki, bizim yüksək reytinqimiz var və bütün Azərbaycan bizim seriala baxır. Dedim ki, “vallah, sənin o serialın axşam camaatın yemək yediyi vaxta düşdüyünə görə bəxtin çox gətirib”.
Buna görə bizim seriallarımızın çoxusu ailə-məişət mövzusundadır. Hələ dərd burasındadır ki, içində də ailə olsa. Yəni ailə-məişət yox, elə təkcə məişət seriallarıdır. Bu seriallara mən “Одноразовый” seriallar deyirəm. Təkcə seriallar yox elə belə birdəfəlik filmlər də çoxdur. Bunların bir dəqiqəsinə baxmaq kifayət edir, ki biləsən ki, kanaldakı serial setkasını tutmaq üçün çəkilib yoxsa yox.
Bütün bunlara baxmayaraq yaxşı cəhdlər və nümunələr də var. Məsələn, Rövşən İsaqın serialları gözümə sataşanda görürsən ki, nəsə var. Heç olmasa hiss edirsən ki, orta və ortadan yuxarı zövqlü adamlar izləyir.
İctimai kanalın özü bir dönəm nələrsə etməyə cəhd etdi. Məsələn, “Solğun çiçəklər” və “Simurq” serialında yaxşı nümunələr idi. Bu və adını unuttduğum digər bir neçə seriallarda yaxşılığa doğru cəhdlər var idi, məncə bunu davam etdirmək lazımdır. Davam etdirmək üçün də yaxşı maliyyə və ən əsas yaxşı ssenari olmalıdır. Rejissorlar və aktyorlar hamısı əmin edirəm ki, var. Sadəcə olaraq normal maliyyə və normal ssenari, yaxşı bir serial və film çəkmək üçün kifayət edir. Bu qədər sadə”.
Medianews.az