“Tamaşaçı efirdə gördüyünə inanmasa, doğruluğunu hiss etməsə, hər dəfəsində “belə şey ola bilməz” desə, heç vaxt serrialı izləyə bilməz. Tamaşaçının inanması üçün serialda baş verən hadisələrin real hadisələrdən, yəni həyatın özündən götürülməsi vacibdir”
Bu sözləri Medianews.az-a açıqlamasında ARB telekanalında “Uçurum” serialı, Aztv-də “Əslində biz” layihəsinin ssenaristi Xanım Aydın bildirib.
Yazıçı deyir ki, serial çəkərkən əvvəlcə onun ümumi süjeti müəyyən edilir, karkası, yəni sinopsisi qurulur: “Söhbət serialdan gedirsə, əvvəlcədən bir çox əhəmiyyətli qollar düşünülsə, nüanslara diqqət edilsə də, sonrakı prosesdə bunlarda müəyyən dəyişikliklər də ola bilir. Bu da ssenarinin yazılması zamanı gedişatdan asılıdır. Çalışdığım prodakşnda yeni bir seriala başlamazdan əvvəl, baş prodüsser Yaşar Əhmədov, baş redaktor İlqar Fəhmi ilə dəfələrlə toplaşırıq, müzakirələr aparırıq. Təbii ki, həm mövzu, həm süjet, həm hadisələr, həm də ki, obrazlar çox əhəmiyyətlidir. Xarakterik obrazlar isə tamam başqa məsələdir. Onları isə ayrıca müzakirə edir, bütün çalarları ilə tam bir formada “yaradana”, bundan razı qalana qədər işləyirik. O ki qaldı mövzu məsələsinə. Tamaşaçılarımız müxtəlif peşə sahibləri, həmçinin də evdar insanlardır. Onların hamısının özünə görə dünya görüşü və müəyyən həyat təcrübəsi var. Və o, efirdə gördüyünə inanmasa, doğruluğunu hiss etməsə, hər dəfəsində “belə şey ola bilməz” desə, heç vaxt baxmaz. Tamaşaçının inanması üçün serialda baş verən hadisələrin real hadisələrdən, yəni həyatın özündən götürülməsi vacibdir. Bu, vətənpərvərlik mövzusunda da belədir, ailə-məişət, sevgi, kriminal və digər mövzularda da belədir. Bunu da qeyd edim ki, seçilən mövzunun tipindən asılı olmayaraq, mən süjet xəttində həmişə erkən nikah, təhsil, pis vərdişlər və günümüzün digər problemlərinə toxunuram. Və əgər elə lap bir nəfəri pis bir vərdişdən, atacağı pis bir addımdan xilas edə bilsək, nə gözəl. Yəni serial tamaşaçını ancaq asudə vaxtını keçirmək üçün nəzərdə tutulmamalıdır. Burada mütləq bir maarfiləndirmə də olmalıdır, düşünürəm. Bunu da deyim ki, real həyatı müşahidə etmədən, onun yaxşı-pis tərəflərini görmədən, nəticələrini hiss etmədən və bütün bunları ssenariyə gətirmədən, serialın uğurlu olacağına inanmıram”.
Medianews.az