Qida məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.
Bu barədə məsələ Milli Məclisin 12 aprel tarixində keçirilən iclasında müzakirəyə çıxarılan “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində qeyd edilir ki, qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər.
Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a (qida təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sistemi) əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Deputat Tahir Rzayev məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, “Qida təhlükəsizliyi” haqqında qanun layihəsi bu günümüz üçün çox vacibdir və demək olar ki, dövrün reallıqlarını özündə əks etdirir. Onun sözlərinə görə, bu qanunun ali məqsədi insan, eləcə də heyvan həyatı, sağlamlığının, istehlakçının hüquqlarının qorunmasıdır.
“Bu, qanunvericiliyin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların qəbul etdiyi normalara, standartlara, prinsiplərə uyğunlaşdırılmasıdır. Rəqabət qabiliyyətli məhsul istehsal edilməsi, sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyata təkan verilməsidir. Əlbəttə ki, bu təhlükəsizlik məsələsi tarladan süfrəyə qədər olan bir dövrü əhatə edir. Bu da torpağa keyfiyyətli toxumun əkilməsi, bitkilərin normal qaydada becərilməsi, məhsulun keyfiyyətlə yığılması, saxlanılması və istehlakçıya ötürülməsidir”.
Deputatın sözlərinə görə, safelər, şadlıq evləri, restoranlar və digər ticarət obyektlərində süfrələrə qoyulan və istifadə edilən qida məhsullarına bilavasitə həmin obyektlərin, ictimai iaşə obyektlərini işlədən insanların, sahibkarların özləri məsuliyyət daşıyırlar. Ancaq bunun yoxlanılması və keyfiyyətsiz qidaların qarşısının alınması, onun istehlakçıya çatdırılması sahəsində tədbirlərin görülməsi bilavasitə AQTA-nin üzərinə düşür və belə hallar olarsa, onlar həmin sahibkarlar haqqında tədbir görməyə borcludurlar.
“Sözsüz ki, bu gün belə hallar çoxdur. Bizim bir çox ictimai iaşə obyektlərində insanlara bəzi hallarda keyfiyyətsiz qidalar, yeməklər təklif olunur. Hətta zəhərlənmələr baş verir. Yenə də deyirəm bunun bilavasitə günahkarı sahibkardır.
Bazara çıxarılan mənşəyi bilinməyən ətlər, müəyyən köhnə balıq məhsulları, turşular və s. var ki, bunlar bilavasitə kustar üsul ilə hazırlanır, qeyri-normal şəraitdə saxlanılır. Bu səbəbdən də insanların səhhətinə ciddi ziyan verir. Bunun qarşısnın alınması təkcə AQTA-nin üzərinə qoyulmamalıdır. Qida təhlükəsizliyinin təmin olunması bir ümumxalq məsələsidir və hər birimiz əlimizdən gələni əsirgəməməliyik”.
Leyla
Medianews.az