Aprel ayına bədbəxt bir hadisə ilə başladıq. Belə ki, saat 3 aprel gecə saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verdi.
Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Hadisə baş verdikdən sonra insanların faciəsi, yaralanması bir kənara, cəmiyyətin qınaqları sosial şəbəkələrdə boy göstərməyə başladı. “O qızların gecə saatlarında klubda nə işi vardı?”, “Hanı bu gənclərin yiyələri?”, “Ramazan bayramı qabağı klubda əylənənlərə haqq olur”, “ Dinə hörmət etmədikləri üçün bu hala düşdülər”- kimi bir çox şərhlər və müzakirələr başladı. Gənclərimizin milli-mənəvi dəyərlərimizdən uzaq düşmələri, onların dinimizdən xəbərdar olmamaları, təlim tərbiyələrinin kökündən yanlış olması kimi ifadələr işlədildi. Doğrudanmı gecə klubunda əylənən gənclərimiz milli mənlik şüurunun dərk etdirilməməsinin göstəricisidir?
Sosial şəbəkə istifadəçiləri bu mövzuda nə qədər haqlıdır?
Filologiya elmləri doktoru Qulu Məhərrəmli gənclərin gecə klublarına, əyləncə mərkəzinə getməsinin heç bir milli mənlik şüurunun formalaşması ilə bağlı olmadığını vurğuladı: “Bu cür yanaşmalar kökündən yanlışdır, hətta deyərdim ki, zərərlidir. Gəncliyin öz arzuları, dinamikası, həyat tələbləri, istəkləri var. Ona görə də gecə klubuna getməli, əyləncə mərkəzlərində, kitabxanalarda olmalı, ictimai müzakirələrdə də iştirak etməlidirlər. Yəni gənclərin həyatın bütün normalarını görməsinin heç bir zərəri yoxdur, əksinə, bu, həyatın qanunudur. İnsanlarımızın sosial şəbəkələrdə “Gecə klubuna gedənlərin tərbiyəsi yoxdur” kimi ifadələr işlətməsi düzgün anlayış deyil. Bu cür yanlış nəticələr çıxmaq olmaz”.
Q.Məhərrəmli cəmiyyətimizdə formalaşmış zərərli stereotiplərin kökündən dəyişməsini zəruri hesab etdi: “Beynimizdə elə bir stereotiplər formalaşıb ki, sanki qısa ətək geyinən qız tərbiyəsizdir. Guya uzun geyinənlər çox tərbiyəlidir? Gündəlik həyatımızda bunun heç də belə olmadığının dəfələrlə şahidi olmuşuq. Ona görə bu əlamətlərə görə fikir yürütmək doğru deyil. Əlbəttə ki, hər şeyin bir ölçüsü var. O ölçünü qorumalıyıq. Biz o klubda baş verən partlayışın səbəblərini müzakirə etməkdən, araşdırmaqdansa, gənclərin ora niyə getdiyini deyib, onları qınayırıq. Partlayış hər yerdə ola bilər. Gecə klubları əlbəttə ki, ictimaiyyətə açıqdır, ora getmək heç kim üçün qadağan deyil və yanlış təsəvvür yaratmamalıdır”.
Aparıcı Kamran Həsənli hazırda gənclərin milli mənəvi tərbiyəsi ilə məşğul olan bir qurumun olmadığını qeyd etdi: “Təbliğat vasitəsi olmağa çalışan televiziyalarımız var ki, onların da necə fəaliyyət göstərdikləri göz önündədir. Televiziyalarımız hesab edirlər ki, onlar milli mənəvi dəyər bəxş edirlər. Onlar klublardan fərqli olaraq təbliğatlarını təkcə gecələr deyil, gündüzlər də yaymaqla məşğuldurlar. Hökmən deyil ki, efirdə hansısa erotik rəqslər olsun. Orada olan keyfiyyətsizlik, tərbiyəsiz heç o klublardan geridə qalmır. Əylənən gənclərə gəldikdə isə gecə klubu dünyanın hər yerində var. Bu, ayıb deyil. Orada istirahət edən insanlara nə deyə bilərik ki? Onlara qarşı çıxış edənlərə heç bir söz deyə bilmərəm. İnsanlar həyatlarını istədikləri kimi yaşayırlar. Biz niyə nəsə etməliyik, niyə müdaxilə edək?
Sosial şəbəkələrdə bu hadisəni Ramazan bayramı ilə əlaqələndirənlər də vardı. Onlar ərəb ölkələrini bizə nümunə göstərirlər. Amma unutmasınlar ki, ölkəmizə gələn ərəb turistlərindən sonra bizdə gecə klublarının sayı artdı. Dini ölkələrdən gələn turistlərin heç biri ölkəmizə dini ideyalarını gətirmədilər. O fikri səsləndirənlərin çoxu da dindən uzaq adamlardır. Onlar bilsinlər ki, Allah insanları öldürmür, əksinə, Allah rəhmli və sevəndir. Tanrı yaradandır, dağıdan deyil. İstənilən yerdə əcəldən kənar hadisə baş veribsə, onun səbəbkarı insanların özləridir. Partalayışlar Ramazan ayından əvvəl də ola bilərdi, sonra da. Bu, insan səhlənkarlığının nəticəsidir. Hazırda Ukraynada günahsız insanları, uşaqları qətlə yetirirlər. Təbii ki, onun bir cəzası olacaq. O cəzanı da biz verməliyik. Yuxarıda hesab –kitab şöbəsi yoxdur ki, körpələri öldürənlərin cəzasını versin. Elə olsa, Allah həmin qatilləri cəzalandırardı, klubda rəqs edənləri niyə cəzalandırırdı ki? Klubda rəqs edənlərin əgər günahları varsa, o, qatillərdən qat-qat azdır”.
Xəyalə Rəis
Medianews.az
Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;