İkinci Qarabağ Müharibəsi iştirakçısı, qazisi parklarda gecələməsi barədə xəbər vermişdik.
Belə ki, sosial şəbəkələrdə Vətən Müharibəsi qazisi Sədi Sahib oğlu Cəfərovun küçələrdə gecələməsi ilə bağlı məlumatlar yayılıb.
Medianews.az olaraq məsələni aydınlaşdırmağa çalışdıq və sözügedən şəxslə əlaqə saxladıq.
Telefona cavab verən qazi yayılan görüntülərin həqiqət olduğunu və başına gələn xoşagəlməz hadisələri danışdı:
“Mən İkinci Qarabağ Müharibəsində könüllü olaraq iştirak etmişəm. Prezident tərəfindən 4 medalla təltif olunmuşam.
Döyüşlər zamanı qolumdan və ayağımdan xəsarət almışam. Aldığım zədələr hələ də məni narahat edir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənim əlillik dərəcəmi təsdiqləmir. 2020-ci ildən bəri məni bu məsəyə görə get-gələ salıblar. Dərdimi hara deyəcəyimi bilmirəm.
Ağcabədi rayonunda yaşayıram. Bu məsələlərə görə bir ildir ki, Ağcabədi-Bakı yollarında qalmışam. Əlimdə olan pulu da bu yollarda xərcləmişəm. İndi isə kirayə pulunu ödəyə bilmədiyim üçün küçələrdəki oturacaqlarda gecələməyə məcbur qalmışam”, – deyə qazi bildirib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən verilən açıqlama bildirilir ki, məsələ araşdırılır və nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.
Leyla
Medianews.az