“Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatdakı ifadələr təxribatdır, özü də məqsədli. İndiki həssas məqamda bunu başqa cür qiymətləndirmək mümkün deyil”.
Bu fikiləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib və baş verən proseslərə daha dərindən diqqət yetirməyə çağırıb.
“Rusiyanın Ukrayna ilə müharibə apardığı, başının başqa səmtə yönəldiyi bir vaxtda Qarabağdan hərəkətlənmə başlandı. Vəziyyət gərginləşdi. Rus generalları ölkəmizə gəldi. Həftələrdir ictimaiyyət arasına çıxmayan Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə danışdı. Bundan sonra isə sözügedən təxribat oldu. Ola bilsin, Şoyqu ilə Zakir Həsənovun müzakirəsi Kremlin maraqlarına cavab verməyib. Məsələn, ehtimal var ki, Rusiya müdafiə naziri Qarabağda Azərbaycan silahlı qüvvələrinin hərəkətlənməsi barədə iradını bildirib və rəsmi Bakı buna əhəmiyyət verməyib. Hər halda ciddi strateji əhəmiyyətə malik Fərrux kəndinin ordumuzun nəzarətinə keçməsi Moskva üçün arzuolunan deyil.
Ekspertin sözlərinə görə, ikinci tərəfdən Kreml Cənubi Qafqazla bağlı son addımları ilə göstərmək istəyə bilər ki, başı müharibəyə qarışsa da, region da diqqətindən kənarda deyil.
“Bəlkə də, Ukrayna məsələsində Azərbaycanın haqlı mövqeyi Rusiyanın narazılığına səbəb olub. Hətta, ola bilsin, Bakı Moskvanın gözləntilərini doğrultmayıb. İstənilən halda Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səslənən bəyanatlar, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası fonunda oxşar sabotajlar gözlənilən idi. Belə provokasiyaların, qıcıqlandırıcı addımların bundan sonra da davam etməsi istisna deyil.
Ancaq Rusiya başa düşməlidir ki, belə addımlarla ikitərəfli əlaqələrə zərbə vurur.
Gərginliyin daha bir müddət davam etməsi mümkündür. Amma əvvəllər də dediyimiz kimi, proseslər Bakı və Ankaranın maraqlarına, regiondakı əməkdaşlığa, sabitliyə uyğun formada inkişaf etməkdədir. Heç nə, heç bir əngəl buna mane ola bilməz”.
Leyla
Medianews.az