Televiziya məişət həyatımızın əsas parçalarından biridir. Vaxilə hər kəsin qibtə ilə boylandığı bu ecazkar məkan dolanışıq yerindən daha çox könül məbədi sayılırdı. Bu məkan özünün professional öhdəliklərinə uyğun olaraq çeşidli xəbər daşıyan, maarifləndirən vasitə olmasının fövqündə həm də, cəmiyyətin altsisteminə çevrilmiş toplumun mənəvi dəyərlərini bölüşürdü. Bu gün isə televiziyada nümayiş olunan bəzi verilişlər nəinki insanların maraq dairəsinə, hətta gülüş obyektinə belə çevrilir. Belə ki, efirimizdə 3-4 dəfə ailə həyatı quran, qeyri-rəsmi həyatı ilə gündəmdən düşməyən şou əhli ekspert kimi çıxışlar edərək gənc xanımlara ailə dəyərlərindən, ailədə qaynana ilə münasibətlərin nizama salınmasından danışır. Bu “ekspertlərin” çıxışları qohum-əqrabaları, qonşuları tərəfindən paylaşılanda, əslində, o insanların necə fırıldaqçı olmaları barədə məlumatlar üzə çıxır. Belə olduğu təqdirdə tamaşaçının televiziyaya, onun ötürdüyü mesaja inamı azalır.
Bəs, görəsən, efirə ekspert dəvət edərkən nələrə önəm vermək lazımdır?
Televiziya prodüseri Oqtay Əliyev Medianews.az-a açıqlamasında Azərbaycan mediasının hazırda ekspert qıtlığı yaşadığını vurğuladı:
“Bir çox dəyərli, savadlı, intellektual olan ekspertlər mediada çıxış etməkdən boyun qaçırırlar. Onlar “işimiz var” deyib, münasibət bildirməmək üçün bəhanə edirlər. Gündəlik efirlərə lazım olan ekpsertlər gəlmədikdə isə televiziya işçiləri də ən optimal kim varsa, onu dəvət edirlər. Bunun üçün media nümayəndələrini də qınamq olmur, çünki onların da başqa əlacı yoxdur. Xarici ölkələrdə, o cümlədən Rusiyada elə mövzularda ekspertlər dəvət edirlər ki, insan baxıb təəccüblənir. Misal üçün, ev heyvanı saxlamaq üzrə, havanın təmziliyini müəyyən edən cihazlar və sair mövzularda ekspertlər efirlərə çıxıb elə maraqlı danışırlar ki,.. Bunların heç biri bizdə yoxdur. Bizim də çox savadlı ekspertlərimiz var, amma onlar efirə gəlmirlər. Ekspertlərin çoxu efirə çıxmaqdan qorxur. Ötən gün Azərbaycan dili ilə bağlı verilişə biz Dilçilik İnstitutundan, Milli Elmlər Akademiyasından bir nəfər dəvət edə bilmədik. Kimə dedik, dedilər müdriyyət qoymur, bizə deyirlər efirə çıxmayın. Sonra da deyirsiniz ki, efirlərdə dilçilik normaları pozulur. Gəl bizə bunu loru dildə, el dilində başa sal ki, biz nəyi səhv edirik? Bəs yaxşı, sən çıxmayandan sonra mən də məcburam kimisə çağırım, o da ağlına gələni danışır. Axı, mənim də sosial sifarişim var, bu mövzunu işləməliyəm. Mənim də üzərimə düşən bir yük var ki, onu etməliyəm. Sən gəlməyəndən sonra mən gedib kimi çağırmalıyam? Misal üçün, Kür quruyub, ekoloq dəvət edirik efirə, deyirlər bizim işlərimiz çoxdur gələ bilmirik. Kimi gətirib danışdırm? Neftçaladan bir nəfər gətirim, o da deyəcək “qadoy alım mən gözümü açandan Kür yaxşı idi, indi pisdir”.
Qanuna görə, istənilən mövzu ilə bağlı qurumlar infomasiya verməyə borcludur. Mən onlardan artıq heç nə istəmirəm. Bəlkə mən səhv etmişəm, suyu açıq qoymuşam, Kürü mən qurutmuşam. Gəl danış, bilək də məsələ nə yerdədir. Bilmirsən kimi dəvət edəsən. Ona görə qalmışıq belə. Juralistlər zəng edib açıqlama almaq istəyəndə də “vaxtım yoxdur”, “digər qonağınız kimdir?”, “mən danışmıram”- kimi fikirlər səsləndirirlər. Bəs, bu da bir işdir də.
Danışan, emosional, həvəsli ekspertlərimiz yoxdur. Dəvət edirsən danışırsan, mövzuya keçid edirsən, görürsən ekspertdən səs çıxmır, bir az da danışırsan, sual verirsən ekspertə, axırda qayıdır ki, vallah nə bilim, nə deyim, siz deyən məsləhətdir. Mən deyən məsləhətdirsə, sən niyə gəlmisən?
Biri var, efirə çıxıb fikrini bölüşəsən, bir də var ki, efirə çıxıb dərs deyirsən. Bu gün dərs deyən ekspertlərimizin sayı çoxdur. Əzizlərim, televiziya məktəb, tamaşaçılar da sizin şagirdləriniz deyil. Sən kimsən, dərs deyirsən? Ən azından düşünməlisən ki, səndən 10 dəfə, 20 dəfə savadlı insanlar efirə baxır”.
Media eksperti Zeynal Məmmədli bildirdi ki, məşhur insanlar ekspert kimi verilişə dəvət edilməsi onu cəmiyyət üçün faydalı yönə çevirmək istəyindən irəli gələ bilər:
“Ancaq ayrıca ailənin yaşamına, bütövlükdə özəl yaşama müdaxilə həm hüquq, həm də etik davranış baxımından duyarlılıq tələb edir. Bax, təəssüf ki, bu məqamın pozulduğunu görürük TV-lərdə. Tanınmış sənətçilər, psixoloq, sosioloq insani dəyərlər baxımından problemi anlamaqda yardımçı olmalıdır. Hesab edirəm ki, verilişi hazırlayanlar yalnız belə şəxsləri dəvət etməklə ucuz reytinq ardınca düşür və əslində, toxunduqları problemi anlatmaqdan və ictimai önəmini qabartmaqdan daha çox məişət dedi-qodusu səviyyəsində düşüncə xaosu yaradırlar. Özünə, sənətinə sayqı duyan adam bunları götür-qoy edib verilişə qatılıb-qatılmamaq qərarı verməlidir. Ancaq bütün hallarda sözügedən özəllikli verilişi hazırlayanlar məsuliyyət daşıyır və sağlam seyrçi yanaşması, təsirli və peşəkar mütəxəssis tənqidi durumu dəyişə bilər”.
Ekspertlərin də dediyi kimi hazırda kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır. Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Lakin bu məsələdə təəssüfəndirici bir fakt mövcuddur ki, jurnalistlər ekspert qıtlığı çəkirlər. Hətta elə sahələr var ki, o sahə üzrə ümumiyyətlə, ekspert yoxdur. İllərdir mətbuata açıqlama verən mütəxəssislərin sıraları seyrəlməkdədir – dünyasını dəyişənlər, ölkəni tərk edənlər və mətbuata qadağa qoyanlar medianın onsuz da yaxşı olmayan vəziyyətini daha da çıxılmaz edib. Az qala bir redaksiyada çalışan üç müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırır. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Ölkədə bir hadisə baş verən kimi müxtəlif media orqanlarında çalışan jurnalistlər eyni ekspertlərə müraciət edirlər. Bu isə mediada xəbər eyniləşməsinə gətirib çıxarır. Belə olduğu halda günah kimdədir?
Xəyalə Rəis
Medianews.az
Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;