Bir neçə ildir ki, buraxılış imtahanları dərs ilinin sonunda deyil, təxminən mart ayında keçirilir. Keçirilən imtahanlardan sonra isə məktəblərdə davamiyyətlə bağlı problemlər meydana gəlir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, təbii ki, imtahanların mart ayında keçirilməsi o demək deyil ki, artıq 11-ci sinif şagirdləri dərsə gəlməsin. Çünki buraxılış imtahanlarının nəticələri birbaşa ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınır və qəbul prosesinin bir hissəsidir.
“Düşünürəm ki, bütövlükdə mart ayında imtahanların keçirilməsi ilə proses bitməli deyil. Bilirsiniz ki, DİM publik hüquqi şəxsdir və onlar abiturientlərə yalnız bir dəfə pulsuz imtahanda iştirak şansı verirlər. Bu baxımdan imtahanların bir neçə dəfə keçirilməsini daha uyğun bilirəm. Təbii ki, bu böyük resurs tələb edən prosesdir, amma hər halda vətəndaşlara əlavə imkanlar yaratmaq lazımdır.
Heç kimə sirr deyil ki, mart ayından sonra məktəblərdəki davamiyyət direktorlara, müəllimlərə əlavə problemlər yaradır. Ali təhsil müəssisəsinə hazırlaşan şagirdlərin böyük əksəriyyəti dərslərə gəlmir, dərslər pozulur. Şagird fikirləşir ki, “mən artıq imtahan vermişəm, nəticəm bəllidir və bundan sonra məktəbə getməyim üçün heç nəyi dəyişmir”.
Ekspertin sözlərinə görə, mart ayından sonrakı proqram mövzuları DİM-nin ali təhsil müəssisələrinə qəbul imtahanlarında proqram mövzuları, suallar salınır.
“Baxmayaraq ki, bu sulları salınır, amma 11-ci sinif şagirdi düşünür ki, mən bunu onsuzda repititor yanında mənimsəyəcəm. Bu səbəbdən də məsələyə yenidən qayıtmaq lazımdır. İmtahanların məhz mart ayında keçirilməsi müzakirə olunmalı və optimal qərar qəbul olunmalıdır”.
Leyla
Medianews.az