Azərbaycanın Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağəli İbrahimov Medianews.az-a son illər ölkəmizdə və dünyada baş verən müharibələrin rəssamlıq sənətində öz əksini tapmasından bəhs etdi.
-Hazırda dünyanın diqqəti Rusiya və Ukrayna müharibəsinə yönəlib. Bu gün dünyada baş verən hadisələr rəssamlıq sənətinə nə kimi təsir edir, ümumiyyətlə, təsir edə bilirmi?
-Tarixi hadisələr hər zaman rəssamlarımızın əsərlərində öz yerini tapıb. Rəssamın işi əsər işləməkdir. O da elə bir əsər yaratmalıdır ki, əsərə baxanda o faciəni, yaşadığı dövrdə baş verən hadisələri əks etdirə bilsin. Bunun üçün mən də hər zaman rəssamlara deyirəm ki, çalışın klassik əsərlərə üstünlük verin. Klassik realizm gələcəyin yaddaşıdır. Lap 100 il keçsə də, əsərə baxanda hadisəni, memarlığı görmək mümkün olsun. Müasir sənətin gələcəyi yoxdur, boşdur.
– Necə boşdur?
– Yəni o əsərdə gələcək üçün heç bir məlumat yoxdur. Mən demirəm bütün rəsm əsələri yalnız keçmiş dövrü əks etdirsin. Amma biz bir tarix yaşayırıq, bu tarix əsərlərdə də öz əksini tapmalıdır. Müasir rəssamlara da hər zaman deyirəm ki, elə əsərlər işləməlisiniz ki, xalqın yaddaşı olsun, tarixə yazılsın.
– Sadə əsərlər dəyərli deyil?
-Bütün əsərlər dəyərlidir, amma əsərdə fikir, ideya yoxdursa, bu, ruhsuz, ölü insan təsiri bağışlayır. Hər bir əsər rəssamın ruhunun əksidir. Ona görə rəssamlar əsər yaradarkən dövrünü əks etdirməlidir. Bir əsər o birinə oxşamamalıdır. Bayraq çəkib, böyrünə gül qoymaqla olmur.
– Sizcə, ölkəmizin zəfər tarixi rəssamların əsərlərində öz əksini tapa bilibmi? Ümumiyyətlə bununla bağlı hər hansı əsərlər varmı?
– Əlbəttə, günü bu gün də Milli İncəsənət Muzeyində bu mövzuya həsr olunmuş əsərlər var. Bilirsiniz, xanım, sənətkar üçün ən vacib məqam istədiyi mesajı ötürməkdir. Yəni əsərdə nə demək istədiyi anlaşılmalıdır. 44 günlük müharibədə biz rəssamlar da çalışdıq, əlimizdən gələni etdik. Beynəxlalq sərgilərdə əsərlərimiz iştirak etdi. Qarabağ döyüşlərində yaşananları unutmaq olmaz.
Ermənilərə də nə etdiklərini bilirlər. Onlar da utanırlar. Müharibənin qanunları var. Bilirlər ki, o qanunlardan kənara çıxıblar.
– Zəfər tariximizdən 2 il ötür, ancaq bu müddət ərzində nə bir film, nə də tamaşa hazırlanmadı. Sizin sənətinizdə də həmçinin.
-Fikrinizlə razı deyiləm. Müasir İncəsənət Muzeyində böyük bir sərgi açdıq. Bu sərgi zəfərimizi özündə əks etdirirdi. 44 günlük müharibə zamanı karikatura sərgiləri açdıq. Bundan başqa, müharibədən bəhs edən fərdi sərgilərimiz oldu. Naxçınada 66 şəhidin portreti çəkildi və o portretlər şəhid ailələrinə təhvil verildi. Bu, heç də adi bir iş deyil. Portretlər şəhid ailələrinə paylanılanda bir şəhid qızı öz atasının portretini sığallayıb öpürdü. Bu, məni çox kövrəltdi. O hadisədən sonra mən çörək yeyə bilmirdim. O uşaqları görəndən sonra…
– Ağəli müəllim, bir neçə gün sonra Beynəlxalq Qadınlar Günü gəlir. Qadın bəşəriyyətin gələcəyidir, rəssamların ilham mənbəyidir. Necə hesab edirsiniz, rəssamlar Azərbaycan qadınını olduğu kimi vəsf edə biliblərmi?
– Qadınlar kişiləri elə günə salır ki… Məhəbbət ağıldan ayrılmış, ağıla tabe olmayan bir varlıqdır. Qadın da onun kimi. Hər kəsin mövzuya öz baxış tərzi var, gözəlliyin özü də nisbidir. Hər insanın bir gözəllik anlayışı var. Qadını hər gün sevməlisən.
O ki qaldı sualınıza, rəssamlıq tariximizdə kifayət qədər gözəl qadın əsərləri ilə rastlaşmaq olar. Elə bir bəstəkar, şair, musiqiçi, dramaturq, rəssam yoxdur ki, qadın obrazında işləməsin. Elə götürək “Mono Liza” rəsm əsərini, bu əsər dünyada ən bahalı əsərdir. Dünyada qiyməti olmayan bir əsl əsər var, o da Mono Lizadır. Bu da qadın obrazıdır. Bəlkə elə deyil?
Xəyalə Rəis
Medianews.az