Adı “Qızıl kitab”a düşən ifaçımız: “İndi yenilik zamanıdır”
“Mən bu ifa ilə sülhə və firavanlığa çağırış etdim”
Əməkdar artist, skirpka ifaçısı Ceyla Seyidova Moskvada keçirdiyi konsert proqramlarından sonra Medianews.az-a danışıb.
Qonağımız Azərbaycan Dövlət Akademik Flarmoniyasının solisti, prezident təqaüdçüsü, gənc yaşda adı “Qızıl kitab”a düşən və fəxri ada layiq görülən istedadlı ifaçılardandır. O, işğaldan azad olunmuş ərazilərdə musiqi səsləndirərək dünyaya sülh mesajını çatdıran ifaçımızdır. Ceyla bildirir ki, dağıntılar arasında musiqi səsləndirməsi rəmzi məna daşıyır. O, bu addımı ilə dünyaya sülh və firavanlıq çağırışı edib.
– Qarabağda skprika ilə dünyaya sülh mesajı göndərdiniz. Bu mesaj böyük səs-səda doğurdu. Məhz Qarabağdan sülh mesajının çatdırılması sizə nələr qazandırdı?
– Dağıdılıb viran olunmuş yurd yerlərimizi görəndə çox kədərləndim. Bir vaxtlar o torpaqlarda insanlar xoşbəxt yaşayırdılar. Dağıntılar arasında musiqi səsləndirməyim bu baxımdan rəmzi məna daşıyırdı. Mən bu ifa ilə sülhə və firavanlığa çağırış etdim. İlk olaraq işğaldan azad olunmuş torpaqlarda ifa etmək mənim üçün qürur hissi idi. İfa etdiyim musiqini bütün dünyaya göndərmiş olduq. Özümü çox şanslı hesab edirdim ki, bu məhz mənim vasitəmlə çatdırılırdı. Orada Avropa bəstəkarlarının əsərlərini ifa etdim. Bizim də möhtəşəm, klassik musiqilərimiz var. Təsəvvür edin ki, orada musiqi ifa etmək üçün yer tapmadıq, çünki ermənilər mədəniyyət abidələrini də məhv etmişdilər. Bu mesajın təsiri böyük oldu və biz istədiyimizə nail olduq. Düşmənin nə qədər amansız olduğunu xarabalıqdakı ifamızla sübut etmiş olduq. Çox xoşbəxtəm ki, ilk sülh carçısı, ifaçısı mən oldum.
-Son bir ayda Moskvada ard-arda beynəlxalq konsert proqramı keçirirsiniz.
– Qara Qarayevin 105 illiyi Moskavada qeyd edildi. Fevralın 6-da Moskvada keçirilən konsert proqramında “Legend of fire” triosunun virtuozları, Zəhra Bədəlbəyli və Arslan Növrəsli ilə çıxışımız baş tutdu. Konsertdə Qara Qarayevdən başqa Dmitri Şostakoviç, Niyazi, Arif Məlikov və Vasif Adıgözəlov kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndi. Çox gözəl hisslər yaşadıq. Dünyanın müxtəlif ölkələrindən konsertə təşrif buyranlar bizə çox heyrətamiz baxırdılar. Növbəti konsertimiz isə Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən başlayaraq martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbiri çərçivəsində baş tutacaq. “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində “Qelikon-opera” Teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert keçirtdik. Bu, möhtəşəm musiqi bayramı idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak etdi, bizim ifamızı dinlədi. O, konsertdən əvvəl bizimlə görüşüb, ürək sözlərini dedi. Biz incəsənət xadimləri üçün burada iştirak etmək şərəf idi. Klassik rus bəstəkarlarının əsərlərini ifa etməklə ölkəmizin rus mədəniyyətinə, incəsənətinə, musiqisinə olan xoş münasibətini sərgiləmiş olduq. Bundan sonra da planlarımız çox böyükdür.
-Adı “Qızıl kitab”a düşmüş gənclərdənsiniz. Bu sizə hansı hissləri bəxş edir?
– Əməyimə yüksək dəyərin verilməsi məni daha da həvəsləndirdi. Bu məni üzərimdə daha çox işləməyə sövq etdi. Hər gün məşqlərdə olur, üzərimdə çalışır, çalışdıqca da nailiyyətlər əldə edirdim. Azərbaycanı təbliğ etdiyim beynəxalq musiqi yarışlarında birincilik qazanırdım, çoxsaylı xarici səfərlərimdən təşəkkürnamələrlə qayıdırdım. Bütün bunlardan sonra prezident təqaüdünə layiq görüldüm. Adımın “Qızıl kitab”a düşməsi məni həddindən artıq sevindirdi.
Burdan gənclərə səslənirəm ki, uğur əldə etmək istəyirsinizsə öz üzərinizdə çox çalışın, çünki nailiyyət ancaq çalışmaqla əldə edilir.
– Ötən il “Əməkdar artist” fəxri adına layiq görüldünüz. Bu ada layiq görülən ən gənc ifaçılardansınız.
– Bəli. Əməkdar artist adına layiq görüldüyümü eşidəndə çox fərqli hisslərə qapıldım. Bir anlıq şok keçirdim. Bu qədər diqqətdən sonra ad alacağım ağlımın ucundan da keçmirdi. Sevinirdim ki, əziyyətim yerdə qalmamışdı. Yanvar ayında Dubayda şəxsi ideyam olan iki konsertim baş tutdu. Dubayın tanınmış bir binasının önündə Azərbaycan himnini ifa etdim, bu ifam böyük marağa səbəb oldu. Hər zaman, hər yerdə, dünyanın harasında oluramsa fəxrlə deyirəm ki, mən azərbaycanlıyam.
– Bir musiqiçi demişdi ki, elə milli əsərlər var ki, onu ifa etmək üçün məhz həmin ölkənin vətəndaşı olmalısan. Sizcə doğurdanmı elədir?
-İstənilən ölkənin əsərini ifa etmək olar, amma bu içdən gəlməlidir. İfaçı hər şeydən öncə ritm tutmağı bacarmalıdır. Bir əsəri əzbərləyib, çıxıb ifa etməklə iş bitməməlidir. O əsəri mənimsəyib, sonra içindən gəldiyi kimi ifa etməlisən. Sualınıza gəldikdə isə Azərbaycanın milli, bəstəkar musiqiləri çox zəngin və gözəldir. Onu düzgün ifa etmək üçün insanın böyük ürəyi olmalıdır. Çox musiqi dinləməli, fərqli duyumu olmalıdır.
-Elə musiqilər var ki, onlar toxunulmazdır. Siz “Sarı gəlin”i balet formasında təqdim etdiniz. Necə qarşılandı?
-İndi yenilik zamanıdır. Gənclər yeni nəfəs, yeni ideya görmək istəyir. Mən də sevilən və bu gün də dinlənilən köhnə əsəri götürüb ona yeni bir nəfəs vermiş oldum. Yəni, bu əsəri yeni bir formatda təqdim etdim. Düşündük və qərara gəldik ki, bu əsəri balet formasında göstərək. Daha sonra bizim “Sevgi rəqsi” adlanan bir klipimiz işıq üzü gördü. Bu dəfə tar, skripka, piano üçlük şəklində çıxış edirdi. Mən sual verirəm tar cavab verir, sonra yerlərimizi dəyişirik. Sual-cavab şəklində. Hesab edirəm ki, bu günün insanı yenilik görmək istəyir və biz də bunun üçün əlimizdən gələni edirik.
Xəyalə Rəis
Medianews.az