1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan 30 il keçir.
Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı Medianews.az saytına öz təəssüratlarını bildirən Xalq artisti Afaq Bəşirqızı bildirib ki, Xocalı qətliamı hər birimizin ürəyində ağır bir yaradır.
“Bu qətliam böyükdən-kiçiyə hamımızın beyninə həkk olunub və ömürlük qalacaq. Bunu unutmaq heç cür mümkün deyil. Bu vəhşiliyi, insanlığa sığmayan hərəkətləri unutmaq qeyri-mümkündür.
Bütün həyatı boyu yalvaran, ondan-bundan topaq istəyən, göz tikən, xain, arxadan vuran düşmənin etdiyi Xocalı qətliamı bizim hamımızın yaddaşında elə həkk olunmalıdır ki, biz tarix boyu bizə qarşı olunan bu vəhşilikləri heç vaxt unutmayaq. Biz bəzən unuduruq, bəzən müəyyən hadisələr naminə dərdlərimizi çox səsləndirmirik. Lakin Xocalı heç vaxt yaddan çıxmayacaq. Nəyin ki, Xocalı, hətta Xocalıya qədər və sonra olan haqsızlıqlar da unudulmayacaq. Çünki bizim şəhidlərimiz var. Şəhidlər bunu bizim yaddaşımıza elə həkk ediblər ki, biz bu haqsızlıqları, qətliamları unutmamalıyıq”.
Xalq artisti sonda Xocalı qətliamının qurbanı olmuş bütün şəhidlərə öz etiramını bildirib.
“Onlara Allahdan rəhmət diləyirəm. Onların günahsız ruhları qarşısında baş əyirəm. Xocalı uğrunda şəhid olanlara ömrümüz boyu borcluyuq.Allah rəhmət eləsin. Allah Azərbaycan xalqına səbr versin”.
Leyla
Medianews.az