Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq Varşavaya yola düşür.
Bu barədə teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev Medianews.az-a danışıb. Bildirib ki, bu gün yola düşən teatrın kollektivi Varşavada xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşası ilə çıxış edəcək: “Varşavada nümayiş etdirəcəyimiz tamaşanı ilk dəfə Xocalı faciəsinin 20-ci il anım günündə Berlində nümayiş etdirmişdik, daha sonra Parisdə oynadıq və bu tamaşa böyük maraq doğurmuşdu. Əvvəla ona görə ki, tamaşamızda sözdən istifadə edilmir. Tamaşanı oynadığımız zalda çox qəribə ab-hava vardı, çünki orada Xocalıda meşədə səsi boğulan Salatının özü oturub, bizim aktyorların ifasında özünü izləyirdi. Bu çox dəhşətli bir şeydir. Sonuncu dəfə bu tamaşanı Bolqarıstanın Sofiya şəhərində oynadıq”.
E.Rəfiyev bu gün səfərə yola düşən teatrın kollektivinin başqa bir əhvalda olduğu, bu dəfə qalib xalqın nümayəndələri olaraq daha məğrur, ürəkli olduqlarını qeyd etdi: “Bu il Xocalı faciəsinin 30-cu anım günüdür. Biz də bu anım günü ərəfəsində fevralın 24-də Varşavada çıxış edəcəyik.
Bu elə bir faciədir ki, əsrlər keçsə də unutmayacağıq, unutdurmayacağıq. Nə xoş bizə ki, torpaqlarımız işğaldan azad olundu, biz bu dəfə səfərə qalib xalqın nümayəndəsi kimi gedirik. Yolumuz açıq olsun”.
Medianews.az