Zəfər tariximizdən bir il keçsə də, yaradıcı baxımından bu mövzuda ələ gələsi heç bir film, tamaşa yoxdur. Ssenaristlər yazır, rejissorlar filmləri çəkməyə can atsa da, meydanda görünən isə yalnız və yalnız komediya janrında çəkilən, söyüş və jarqonlarla zəngin olan filmləridir. Bu gün kinoteatrlarımız yeni çəkilib istehsala buraxılan filmlərin demək olar ki, 90 faizi komediya janrındadır. 44 gün ərzində 30 ildən artıq işğal altında olan torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin qəhrəmanlıq tarixindən bəhs edən filmlərin çəkilməsi bu qədərmi çətindir? Məgər bu döyüşlərdə ayaqyalın çıxdığı torpaqlarına tank belində geri dönən oğullarımızın hər birinin hekayəsini tamaşa, film ssenarisi hesab etmək olmazdımı? Artıq Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini mədəniyyət sahəsində də davam etdirir. Belə ki, erməni rejissorunun çəkdiyi əsas sujet xətti Aprel döyüşlərinə həsr olunmuş “Cənnətə açılan qapılar” filmi beynəxlalq festivallara təqdim olunub. Bəs, biz kimi və nəyi gözləyirik?
Ekpertlərimiz təəssüatlarını Medianews-a bölüşdülər.
“Mədəniyyət nümayəndələrimiz nə işlə məşğuldur?”
Mövzu ilə bağlı Xalq artisti Əli Nur şəhidlərimizin hər birinin qəhrəmanlığının ayrı bir dastan olduğunu, bu gün yetişən gənclərin onlardan xəbərsiz olduğunu vurğuladı: “Axı, nə üçün II Qarabağ döyüşlərindəki igidlərimizi biz tanımırıq, nə üçün onlardan bəhs edən filmlərimiz çəkilmir? İndiyə qədər bu mövzuda kifayət qədər bədii, sənədli filmlər çəkilməli idi axı, niyə yoxdur? Hara baxırsınız, ay yaradıcı insanlar, kimi, nəyi gözləyirsiniz? Şuşanı alan qəhrəmanlarımızı xalqımız niyə tanımamalıdır? Şuşa azad olunan zamanı nə qədər övladımız şəhid oldu. Onlardan biri də mənim oğlum idi. Niyə bunları xalq tanımamalıdır? Niyə öz qəhrəmanlarımızı tanımayaq? Dünya şokdadır ki, Azərbaycan 44 gündə belə bir tarixi qələbə qazandı. Bu qələbəmizi niyə təqdim etmirik?. II Qarabağ müharibəsində döyüşən qəhrəmanlar haqqında film çəkmək lazımdır. Mübariz İbrahimov dünyada alternativi olmayan cəsur hərbçidir. Gör, onun haqqında hər hansı film çəkilibmi? Mədəniyyət nümayəndələrimiz nə işlə məşğuldur? Ancaq ev alıb-satmaqla? Bir ölkə dünyada mədəniyyəti ilə tanınır. Mədəniyyətin başında isə o ölkənin kinosu dayanır. İnd bizdə İlyas Əfəndiyev, Mirzə Fətəli Axundzadə yoxdur. Hanı bəs müasir dövrün yazıçıları? Firuz Mustafanın bu mövzuda 10 pyesi var. Niyə onlar tamaşaya qoyulmur? Azərbaycan xalqının başına gətirilənlər haqda indiyə qədər filmlər çəkilməli idi. 27 teatrımız var ki, onlar bu mövzuda tamaşalar nümayiş etdirməli idi. Kimdir günahklar?”.
“Tarixi filmlər bir-iki ilə ərsəyə gəlmir”
Xalq artisti Rasim Balayev isə bildirdi ki, tarixən də xalqın qələbə və məğlubiyyəti ilə bağlı filmlər çəkərkən bu bir qədər zaman alıb: “Tarixi filmləri çəkmək hər zaman müəyyən müddət tələb edib. Yəni tarixi filmlər bir-iki ilə ərsəyə gəlmir. Bu baxımdan, zəfər tariximizdən bir il keçməsinə baxmayaraq, filmlərimizin istehsal olunmaması normal haldır. Bir az səbrli olaq, inanıram ki, bu mövzuda filmlər çəkiləcək. O filmlərdə kimlər necə rol alacaq, bilmirəm, amma əlimizdən gələn başqa bir şey də yoxdur”.
“Bunu mütləq etmək lazımdır”
Mövu ilə bağlı prodüser Oqtay Əliyev açıqlamasında bildirdi ki, artıq II Qarabağ döyüşlərinə həsr edilmiş filmlərin çəkilməsinin zamanıdır: “Yəqin ki, yay aylarında çəkilişlər başlayacaq. Belə bir film çəkmək üçün işğaldan azad olunmuş o torpaqlara getmək lazımdır. Bununla bağlı ilk addımı atan dəyərli rejissorumuz Vaqif Mustafayev oldu. O, çox gözəl bir addım atdı. Çəkdiyi “Fəryad 2” filmi ermənilərin iç üzünü nümayiş etdirəcək. Vaqif Mustafayev gedib Ohanyanın səngərində və digər ərazilərimizdə çəkiliş apardı. Bilirsiniz ki, orada infrastruktur yoxdur. Bu filmi ərsəyə gətirmək üçün o, çox əziyyət çəkdi. Əslində, bunu mütləq etmək lazımdır. Çox istərdim ki, Qarabağa turlar təşkil edilsin və gənc ssenaristləri, operatorları, rejissorları aparıb orada 3-4 gün gəzdirsinlər. Yaradıcı gənclər o əraziləri gəzdikcə ağıllarına bir ideya gələcək, nəsə düşünəcəklər. Bakıda oturub “Film çəkmək lazımdır” deməklə nə olacaq? Gedib o əraziləri canlı görmək lazımdır. Misal üçün, Ağdamı gedib canlı görmək lazımdır ki, ordan nəsə hiss edib çəkə biləsən”.
Oqtay Əliyev ermənilərin çəkdiləri filmə gəldikdə isə bildirdi ki, həmin film II Qarabağ mövzusuna həsr edilməyib: “Bu film bir neçə il öncə çəkilib. Orada söhbət Aprel döyüşlərindən gedir, o filmə baxmışam. Aprel döyüşlərində qələbəni təcəssüm etdirən bir filmdir. Onların gələcəkdə çəkə biləcəkləri odur ki, yalandan bizim boynumuza qoysunlar ki, biz guya soyqırımı etmişik. Allaha şükür ki, bizim bir əsgərimiz nə onların uşaq bağçasına, nə də mülki vətəndaşların yaşadığı evlərə bomba atmayıb. Onlar gecə-gündüz arzu edirdilər ki, kaş Azərbaycan əsgərləri Xankəndiyə girəydilər. Cəhənnəm olsun mənim millətim, biz də dünyaya şüvən salaq ki, Azərbaycan əsgərləri mülki vətəndaşlarımızı qırıb. Mahiyyət sadəcə bundan ibarətdir”.
“Bura olmipiada yarışı deyil”
“Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Dolu” filmlərinin rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov isə bildirdi ki, hər hansı film çəkiləndə bunu kiməsə nisbət üçün çəkmək düzgün yanaşma deyil: “Hər hansı film çəkməyə başlayanda bu haqda öncə düşünülüb, dəyərləndirib ortaq bir nəticəyə gəlib sonra işə başlanılmalıdır. O ki, qaldı bizim zəfərimizdən bəhs edən filmlərin yoxluğuna, qalibiyyəti dərk etmək, onu anlamaq, ondan nəticə çıxarmaq daha çətindir”.
Rejissor ermənilərin bu mövzuda çəkdiyi yeni filmdən də danışaraq onu sadəcə məğlubiyyətin doğurduğu qəzəb hissi ilə əlaqləndirdi: “2012-ci ildə “Dolu” filmini həmin emosiyalarla çəkmişdik. Bu gün ermənilərin təqdim etdiyi emosiaonal hiss həmin dalğa üzərində gəlir. Bu çılğınlıq, emosoinallıq buna təsir göstərir. Bu dəqiqə ermənilər çəkdi, biz çəkmədik demək doğru deyil. 2 il ərzində Azərbaycan kino sistmində bir çox dəyişiliklər baş verdi. Hazırda Vaqif Mustafayev, İlqar Sahhat bu mövzuda filmlər çəkir. Tələskənlik insanı dəyərli fikirdən kənarda qoyur. Qarabağ müharibəsi və bizim qələbəmiz haqında bir yox, bir nçə film çəkiləcək. Biz bu gün ermənilərə acıq vrmək üçün gözəl kino çəkmək eşqində olmamalıyıq. Gözəl sənət əsəri çəkmək və bunu düyaya təqdim etməliyik. Qələbəni, qalibiyyəti dəyərləndirməyi analiz etməliyik. Nə qədər öz tamaşaçının qəlbinə kövrək sənət hisləri ilə toxuna biləcəksənsə o dərəcə də dünyaya təsir etmək gücün olacaq. Bura olmipiada yarışı deyil”.
“Dramatik səhnələr, gərgin hadisələr, psixoloji məqamlar və…”
Tanınmış ssenarist, dramaturq Əli Əmirli 44 günlük Vətən müharibəsinin bədii yaradıcılığın ən müxtəlif sahələrinə yeni mövzuların ərsəyə gətirdiyini və yeni-yeni əsərlər yarandığını vurğuladı: “İldırımsürətli müharibə operativlik tələb edən janrlara üstünlük verilməsini vadar edirdi. Belə də oldu. Vətənpərvərlik ruhunda kifayət qədər poeziya nümunələri, yüzlərlə publisistik yazılar, əsgərə yazılmış minlərlə məktub, ürəkdən-qəlbdən qopan nəğmələr, teleekrandan bütün adi, gündəlik proqramları sıxışdırıb çıxaran müharibə mövzulu televiziya filmləri, qəhrəmanlarımızın döyüş yolunu, fövqəladə igidlik və qəhrəmanlıq yolunu işıqlandıran televerilişlər, süjetlər, kliplər ordumuzun ətrafında yumruq kimi birləşmiş xalqımızın qələbəyə inamını artırmağa xidmət etdi. Bu gün də bu yaradıcılıq marafonu davam edir. O müqəddəs müharibədə rəşadətli ordumuzun sıralarında mənim onlarla tələbəm, Mədəniyyət və İncəsənət Universitetinin qəhrəman gəncləri də iştirak edirdilər. Döyüş dostlarının həyatını qorumaq üçün özünü qumbaranın üstünə atıb şəhid olan tələbəm Fəqan Məmmədovun faciəsi məni dərindən sarsıtdı. Onun haqqında “Şəhid tələbəm” adlı bir məqalə yazdım. Sonradan Fəqanın qəhrəmanlığı mənə “Bircə addım” adlı pyesi yazmağa impuls verdi. Dramatik səhnələr, gərgin hadisələr, psixoloji məqamlar və peripetiyalarla zəngin olan bu pyesin yaxın vaxtlarda tamaşaya qoyulacağına şübhəm yoxdur”.
Xəyallarımız gerçəkləşdi. 30 ildən sonra həsrətində və arzusunda olduğumuz torpaqlarımıza qovuşduq. Sevincimizi, qürurumuzu, fəxarətimizi, torpaq uğrunda canından keçən oğullarımız üçün kədərimizi içimizdə yaşadıq. Könül istər ki, bu tarixi qələbədə yaşananlar bizdən sonra gələn nəsil üçün bir qəhrəmanlıq salnaməsi olsun. Bunun üçün filmlərin müstəsna xidməti var. Qismət olsa bizdən sonra gələn nəsil o filmləri izləyib öz qəhrəmanlarına rəhmət oxuyacaqlar, əks təqdirdə Şəmiləri, Şöşüləri izləyib onun davamçısı olacaqlar…
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği