Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Bu, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar. Lakin parklanma yerlərində parklanmanın vaxtı və müddəti əlavə məlumat nişanları vasitəsilə məhdudlaşdırıla bilər.
Qanunun hazırkı variantı isə belədir:
“Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir.
Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, bu hazırda bir qanun layihəsidir və Milli Məclisdə müzakirə olunur.
“Düzdür adətən bu cür məsələlər həm də bu formada qəbul edilir, amma mənə elə gəlir ki, qəbul edilməzdən əvvəl məsələ ilə bağlı ictimai müzakirənin keçirilməsi, real vəziyyətin öyrənilməsi də vacibdir.
Bir maşının 48 saat eyni yerdə park edilməsi biraz qəribə gəlir. Çünki bir maşın eyni yerdə 48 saat dayanıbsa, bəs digər sürücülər nə edəcək? 48 saat harada park etmək olar ? və s. kimi suallar orta çıxır”.
Ekspert bildirib ki, 48 saat parklanma yalnız yeraltı parkinqlərə və şəxsi pərkinq yerlərinə aid edilsməlidir.
Çünki yerüstü parkinqlərdə məhdudiyyət məsələsi var:
“Reallığa baxsaq görərik ki, kimsə maşını gətirib 24 saat yox, 48 saat harasa atıb getmir. Bu, tək-tük hallarda baş verir. Məsələn, texniki nasazlıq, hansısa səfərlə əlaqəli və s.
Bunun digər bir tərəfini də düşünmək lazımdır. Məsələn, hansısa bir tədbir keçirilir ərazidə və yol polisi təhlükəsizlik tədbirlərini təmin etmək üçün müəyyən addımlar atmalıdır. Bu zaman nə baş verəcək? Bu barədə də düşünülsə yaxşı olar.
Ümumilikdə isə bu vaxt məhdudiyyətini bir daha təhlil etsək yaxşı olar. Millət vəkillərinin bunu nəzərə alacağını düşünürəm”.
Leyla
Medianews.az