Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasının şəhid hərbçiləri bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qəzada Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb.

Şəhid olan 14 hərbçidən biri leytenant Abdulla Telman oğlu Süleymanovdur.

Medianews.az xəbər verir ki, əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdullanın dayısı Səbuhi Zamanov bacısı oğlu haqqında qısa da olsa, “modern.az”a danışıb:

“Abdulla Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirib, 22 yaşı vardı, subay idi. O, Vətən müharibəsində iştirak etmişdi, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə vuruşmuşdu”.

Müsahibimiz deyib ki, şəhid Abdulla Süleymanovun ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Ailə əvvəlcə Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşıb.

Uzun illər yataqxana şəraitində ağır məhrumiyyətlər içində yaşayan Abdulla bütün çətinliklərə rəğmən ali təhsil alıb, həm də çətin sahəni seçib – hərbçi peşəsinə yiyələnib.

Dayısı deyir ki, Abdullanın hərbi sahəni seçməsi səbəbsiz deyildi, doğma rayonu 28 il düşmən tapdağı altında olan bu gənc oğlan torpaqlarımızın azad edilməsini arzulayır, düşməndən qisas almaq üçün alışıb-yanırdı.

“Vətən müharibəsinə də o amalla qatılmışdı. Doğma Cəbrayıl işğaldan azad ediləndə Abdullanın sevincinin həddi-hüdudu yox idi”.

Uzun illər Texniki Universitetin yataqxanasında yaşamağa məcbur olan şəhid Abdulla Süleymanovun ailəsi, nəhayət, bir müddət əvvəl Qobu qəsəbəsində salınmış köçkün şəhərciyində mənzillə təmin olunub. Amma Abdulla həmin məzildə doyunca, rahat güzəran sürə bilmədi.

“Abdullagil ailədə 2 qardaş olublar. Onları anaları böyüdüb. Atası uşaqlar balacaykən ailəsini ataraq gedib və sonra dünyasını dəyişib. Bacım o uşaqları yetimliklə, min bir əziyyət çəkərək öz gücü və halal zəhməti sayəsində böyütmüşdü. Biz Abdulla ilə dayı-bala həmişə müxtəlif məsələlərdən söhbət edirdik. Onun o qədər arzuları var idi… Hamısı yarımçıq qaldı”.

Şəhidin dayısı söhbəti davam etdirə bilmədi… Bir neçə cəhddə qəhər onu boğduğundan, bizimlə sağollaşmağa məcbur oldu…

Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.