İranın Hörmüzqan əyalətinin Kəşm rayonunda bir dəqiqə fərqlə 6,4 və 6,3 bal gücündə iki zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bir-birinin ardınca baş verən zəlzələ anları yük maşını sürücülərinin kamerasına əks olunub.
Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Hörmüzqan əyalətinin Kəşm rayonunun Laft bölgəsində olan zəlzələ yerli vaxtla saat 15:37-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ nəticəsində elektrik dirəyinin aşması nəticəsində bir nəfər ölüb.Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Kadrlarda toz buludunun dağın ətəyini bürüdüyü, sürücülərin olduğu yük maşınlarının titrəyişin təsiri ilə şiddətlə yelləndiyi görünür.
Qeyd edək ki, Türkiyədə Bingölə qədər uzanan böyük fay xətti son illərdə yüksək dərəcədə aktivdir. 2017-ci ilin noyabrında Kirmanşahda baş verən 7,3 bal gücündə zəlzələdə də 500-dən çox insan həyatını itirib. 2018-ci ildə Kirmanşahda baş verən daha bir 6 bal gücündə zəlzələ 5 ölkədə hiss olunub.
Musavat.com