Azərbaycanın köklü qəzetlərindən olan “Yeni Müsavat” qəzeti bu gün özünün 32-ci quruluş ildönümünü qeyd edir.
Bu münasibətlə qəzetin təsisçisi və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun iştirakı ilə redaksiyada mütəvazi tədbir keçirilib.
Kollektivi təbrik edən Rauf Arifoğlu bildirib ki, “Yeni Müsavat” qəzetinin möhtəşəm və tarixi keçmişi var:
“Əminəm ki, gözəl də gələcəyimiz olacaq. 32 ilin ən azı 31 ilini məğlubiyyətlərdən yazdıq. Şuşasız, Qarbağsız qaldıq. Biz artıq mövludumuzu Şuşalı, Ağdamlı, Kəlbəcərli, Füzulili, Zəngilanlı, Qubadlılı, Laçınlı, Cəbrayıllı, Hadrutlu – Qarabağlı qeyd edirik. İllər boyu məğlubiyyətlərimizdən yazan qəzetimiz artıq qələbələrdən, Şuşadan, Ağdamdan, Füzulidən, Hadrutdan, Xudafərindən, Kəlbəcərdən reportajlar verir, filmlər çəkir. İşğaldan azad edilən ərazilərin hər qarışı bizim üçün doğmadır və illərlə bu torpaqların həsrətini çəkmişik. Çox önəmli məqamdır ki, biz bir gün də Qarabağdan vaz keçmədik. Bu ərazinin işğaldan azad ediləcəyi ilə bağlı ümidimiz üzülmədi. Xalqda da bununla bağlı pessimizmin yaranmasını qoymadıq. Xalqımızın da əksər hissəsinin əzmi ondan ibarət idi ki, biz bu torpaqlara qayıdacağıq və qayıtdıq da. Ötən ilin bu günü biz Zəfəri qeyd edirdik. Ona görə də qəzetimizin ad gününü keçirə bilmədik. Bu il də 3 möhtəşəm günün arasında yenə də başımız qarışıq oldu. Təki başımız hər zaman qələbəyə, möhtəşəm, ümumrespublika əhəmiyyətli günlərə qarışsın. Hər birinizi təbrik edirəm. Əməkdaşlarımız olan gənclər bizim gələcəyimiz, 20 il və daha artıq zamandır yanımızda olanlar isə deyərdim ki, sütunlardır. Bu media quruluşu onların çiyinlərində bu günə gəlib. Biz bir yerdə çox böyük bir yolu-32 ili geridə qoyub, fəaliyyətimizə davam edirik. Doğum günümüz qutlu olsun”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin ilk sayı 1989-cu ilin 10 noyabrında oxucusu ilə görüşüb. Qəzetin redaksiyası iki il – 1991-ci ilin oktyabr ayının sonlarına qədər gizli fəaliyyət göstərib. “Samizdat” üsulu ilə çap olunan və AMDP “Yeni Müsavat” adlı partiyanın yayın orqanı kimi fəaliyyət göstərən qəzetin ilk 17 nömrəsi Azərbaycanda və Tiflisdə gizli yolla dərc olunub. Yalnız Azərbaycan de-yure müstəqillik əldə etdikdən sonra qəzeti rəsmi qeydiyyatdan keçirtmək mümkün olub. 1989-91-ci illərdə Gəncədə yerləşən redaksiya 1991-ci ilin axırlarında, rəsmi qeydiyyatdan sonra Bakıya, AXC-nin qərərgahına köçüb. AXC sədri Ə. Elçibəyin dəstəyi ilə qəzetin ilk redaksiyası hərəkatın Sahil bağında yerləşən qərargahında qurulub.
İndi iki dildə yayın həyata keçirdən saytlarımız (5 sayt), TV Müsavat adlı internet televiziyamız, Facebook, İnstagram, Tvitter, Telegram, Tik – Tok sosial media platformalarında güclü seqmentlərimiz var. Bu zamana qədər “Yeni Müsavat” qəzetinin isə 7859 sayı çapdan çıxıb.