Vaxtilə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən bəzisinin gərçək siması müharibə vaxtı, bəzinin isə müharibədən sonra daha da aydın şəkildə görünməyə başladı.
Medianews.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova qeyd edib. O, bildirib ki, əslində, bu kimi simalar bizə tarix boyu da yaxşı məlum olub. Prezident İlham Əliyev çıxışlarının birində bir daha aydın şəkildə ifadə etdi ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Bəli, müstəqilliyimiz ən böyük sərvətimizdir. Azərbaycanı nə 90-cı illərlə, nə də başqa dövrlə səhv salmasınlar.
Bu gün Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənərək regionda yaratdığı yeni reallıqla hər kəs barışmalıdır. O cümlədən də İran. Vaxtilə məsciddə işğalçılar donuz və inək saxlayıb, müsəlmanların heysiyyətini qəsdən təhqir etdikləri zaman İran müsəlman qardaşı olaraq niyə səsini çıxarmırdı? Çünki Ermənistanın qanunsuz iqtisadi fəaliyyətində, talançılıq siyasətində əli olan İran üçün pul müsəlmanların heysiyyətindən daha önəmli rol oynadı. Öz ortaq heysiyyətinin alçaldılmasına razı olan bu ölkə bu gün elə haqlı olaraq da digər dövlətlər tərəfindən uzaq tutulur.
Bu illər ərzində İran Ermənistanla əlbir olub torpaqlarımızda nə desən edib.
Tarixi təhrif etmək, narkotik biznesi, terrorçuluq… İrandan olan qondarma mütəxəssislərin köməyi ilə “tolerantlıq” nümayiş etdirmək üçün bir məscid fars məscidi kimi təqdim edilməyə cəhd göstərilib. Bütün bunların fonunda sual olunur: Nədir axi İranın bu davranışlarının səbəbi? Birincisi, səbəb odur ki, İran regionda Azərbaycanın gücünün artmasını həzm edə bilmir. İkincisi isə Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısını aldı. Bu illər ərzində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Beləliklə də Azərbaycan İrana axan maliyyənin qarşısını aldı, İranla Ermənistanın ortaq biznesləri olan narkotik biznesini çökdürdü. Yəni, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.
Hansı ki, işğal dövründə Qarabağ torpaqlarından narkotrafik kimi istifadə ediblər. Əvvəl qeyd edirdiksə ki, evlər və ictimai binalar sökülüb, daşına qədər İrana daşınıb, İran və Ermənistan arasında hər il biznes forumlar keçirilir, indi isə detallar üzə çıxır və məlum olur ki, elə bu biznes forumların kökündə narkotik biznesi dayanırmış. Burada isə söhbət ən ağır və ən təhlükəli maddə olan heroindən gedir. Əslində isə ölkə başçımız işğal illərində dəfələrlə bildirirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Terrorizm və narkotik biznesi İran-Ermənistan qardaşlığının məğzini təşkil edir.