Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkədə əyani ali təhsil prosesinin bərpasına başlayır.
Milli.Az Tolo News-a imstinadən bildirir ki, 20 il əvvəlki hakimiyyət dövründən fərqli olaraq, taliblər qadınlara dərs deməyə və təhsil almağa icazə verirlər.
Digər tərəfdən, Şəriət qaydalarına uyğun olaraq dress-kod tətbiq olunur.
Yeni qaydaların əsas şərti qızlarla oğlanların ayrılıqda təhsil almalaıdır.
Oğlanlara kişi, qızlara isə qadın müəllimlər dərs deyəcək.
Digər qaydalar belədir:
1. Əfqanıstandakı bütün özəl universitetlər qadınlar üçün əlahiddə giriş inşa etməlidir
2. Hər universitet öz hesabına qadınlar üçün auditoriyalar yaratmalıdır
3. Qızlar sinifdə 15 nəfərdən çox olarsa, ayrı otaqda olmalıdırlar. Əgər onların sayı 15-dən az olarsa, oğlanlarla bir sinifdə oxuya bilərlər. Lakin bu zaman oğlanlarla qızlar arasında pərdə və ya aralıq sədd olmalıdır.
4. Bütün tələbə qızlar dərslərin başlanmasını xüsusi zalda gözləməli, audiotoriyaya dərs başlanmazdan 5 dəqiqə əvvəl daxil olmalıdırlar
5. Universitetə gəlməyə nəqliyyat vasitəsi olmayan və ya onu universitetədək ötürəcək kişi qohumu olmayan tələbə qızları dərsə çatdırmaq üçün universitetlər öz hesablarına nəqliyyat vasitəsi ayırmalıdır. Tələbə qızları daşıyacaq maşında sürücü ilə sərnişinlər arasında pərdə olmalıdır. Maşının pəncərələrində də pərdə olmalıdır.
6. Universitetlərdə tələbə qızlara yalnız yaşlı, qoca kişi müəllimlər dərs deyə bilər. Orta yaşlı və ya gənc kişi müəllimlərin tələbə qızlara dərs demələri yasaqdır.
7. Yeni şərtlərin gerçəkləşdirilməsi ilə bağlı dövlət univeristitetlərindəki bütün xərcləri “Taliban” ödəyəcək.
… Göründüyü kimi, 20 il əvvəllə müqayisədə “Taliban”ın təhsil şərtlərində müəyyən yumşalmalar var. Taliblər dəyişən reallığı Şəriət normaları ilə uzlaşdırmağa çalışıblar.
Təbii ki, tədris proqramında da müvafiq dəyişikliklər olacaq.