“Deputat Eldəniz Səlimovun adının hallandığı hadisə barədə Milli Məclisin İntizam komissiyasına heç bir məlumat daxil olmayıb”.

Bunu Modern.az-a parlamentin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. Onun sözlərin görə, mətbuatda adı çəkilən və döyüldüyü, təzyiqə məruz qaldığı iddia edilən polisin komissiyaya hər hansı müraciəti yoxdur:

“İddiaların nə dərəcədə doğru olub-olmadığı bizə bəlli deyil. Bütün həmkarlarım, İntizam komissiyası üzvləri məzuniyyətdədir. Bizə məlumat daxil olarsa, baxacağıq”.

Sədr müavini Daxili İşlər Nazirliyinin (DİN) də iddia barədə hər hansı açıqlama vermədiyini xatırladıb:

“DİN hadisəni təsdiq edərsə, rəsmi şəkildə deputatın insidentə qarışdığı təsdiqini taparsa, sənədə baxa bilərik. Amma ola bilər, məsələ təsdiqini tapsa belə, komissiya məzuniyyət zamanı toplaşmasın. Müzakirə sonraya saxlanılsın. İstənilən halda öncə iddiaların təsdiqini tapması, bizə bu barədə müraciətin daxil olması gərəkdir”.

Xatırladaq ki, mətbuatda və sosial şəbəkələrdə Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb. Hadisənin ötən gün Nabranda istirahət mərkəzlərinin birində baş verdiyi qeyd edilib.

İddialara görə deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.