Rusiyanın hazırkı lideri Vladimir Putin hakimiyyətə gəldikdən az sonra yeritdiyi siyasi xətdən açıq-aşkar sovet qoxusu gəlirdi.
Ayrı-ayrı vaxtlarda Putinin verdiyi açıqlamalardan, replikalardan aydın sezilirdi ki, sabiq KQB zabiti nəhəng və qüdrətli (coğrafi və hərbi baxımdan) sovet-rus imperiyasının xiffətini çəkir və onun hansısa bir yolla bərpası üzərində düşünür..
Ancaq 20 il öncə Rusiyanın özü parçalanmış durumdaydı, ayrı-ayrı federal subyektlər müstəqillik davası edirdilər. Onlardan bəziləri bunu açıq və qanlı müstəviyə keçirmişdi, digərləri öz işlərini yavaş-yavaş, əl altından görürdülər.
Putin əvvəlcə Rusiyanı toparladı, Yeltsinin dediyi kimi, federal subyektlərə “istədikləri qədər demokratiya” vermədi. Rusiya faktiki olaraq unitar dövlətə dönəndən, bütün muxtar respublikalar, muxtar vilayətlər, diyarlar formal muxtariyyata malik olduqları razılaşandan sonra SSRİ-nin bərpası məsələsi ətrafında gedən müzakirələr intensivləşdi.
Maraqlıydı ki, azman ölkədə demək olar ki, bütün siyasi qüvvələr bu ideyaya dəstək verirdi – keçmiş kommunistlər də, yeni vətənpərvərlər də, millətçilər də, demokratlar da. Söhbət keçmiş SSRİ-nin sərhədlərinin bərpasından, “milli mənzillər”ə dağılmış 14 müttəfiq respublikanın yenidən bir bayraq altına toplanmasından gedəndə, Rusiyanın siyasi qüvvələri “nədən olmasın” moduna girirdilər.
Ancaq ortada ciddi əngəllər də vardı. Həmin müttəfiq respublikalar artıq mstəqil dövlətlər olmuşdular, BMT-nin və digər beynəlxalq təşkilatların üzvü idilər, hamısının öz xarici siyasətləri, öz strateji müttəfiqləri, hərbi qüvvələri vardı və onları yenidən toparlamaq cəhdi lokal müharibələrsiz mümkün deyildi.
Üstəlik, bu dövlətlər zorla bir araya gətirilsə də, bu, yamanlıqları retuşlanan, zamanla “ah, necə gözəl dövlət idi” deyə idealizə olunan SSRİ olmayacaqdı ki, kommunist partiyası hökmran olsun, yenidən “fəhlə-kəndli hökuməti” qursun, sosial bərabərliyi təmin etməyə girişsin. Bunun işartıları da yox idi. Hüdudsuz hakimiyyətin və zəngin sərvətin dadını damağında hiss edənlər yenidən “bütün hakimiyyəti sovetlərə” qaytarası deyildi.
Amma Kreml bütün zamanların və dünyanın ən böyük imperiyasının sərhədlərini və əzəmətini necəsə bərpa etmək fikrindən vaz keçmirdi. Müstəqil Dövlətlər Birliyi adlanan raxit qurumun yaranması da, Kollektiv Təhlükəsizlik Müqaviləti Təşkilatının təsis edilməsi də, sonradan Avrasiya İqtisadi Birliyinin formalaşdırılması da buna xidmət edirdi və Moskva üzlərini o tərəfə tutmuş gənc dövlətlərə müxtəlif cür təzyiqlər edirdi ki, ora-bura dağılışmasınlar, görüş yerləri yeni rəngli rus bayrağının kölgəsi altında olsun.
Fəqət Baltikyanı ölkələrin əzəldən “ruslarla heçimiz ayrı, köçümüz ayrı” siyasət yeritmələri və Moskva ilə heç bir təmasa meyl etməmələri, Gürcüstanın açıq Qərbyönlü siyasət yeritməsi, Ukraynanın ona qoşulması, Türkmənistanın tam neytral ölkə olmaq istəməsi, Azərbaycanın Qərblə Rusiya arasında məsafə saxlaya-saxlaya Türkiyə ilə çulğaşması, Ermənistanın gizli-gizli Rusiyaya xəyanət yolu tutması, Qazaxıstanın öz milli dövlətçiliyinin inkişafını prioritet sayması, Özvəkistanda prezident Kərimovun müstəqil tiranlıq yaratması ona göstərirdi ki, “keçmiş qardaşlar” Rusiyanın fleytasının sümüyə düşməyən melodiyasına oynamaq istəmirlər.
Ona görə də artıq Kremlin valı da dəyişib. İndi o, əlində, yanında qalanlarla nisbətən yumşaq dillə danışmaq, onları perikdirməmək yolu tutmuş kimi görünür.
Bu baxımdan Vladimir Putinin bir neçə gün öncə keçirdiyi mətbuat konfransında SSRİ-nin bərpası barədə dedikləri əhəmiyyətlidir. Putin deyib:
“Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrinin bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bu, məqsədəuyğun deyil. SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq”.
Bu, o deməkdir ki, Kremldə artıq “SSRİ-ni bərpa etmək” ideyasının sırf avantüra olduğunu tam dərk edir, hətta bunu ziyanlı sayırlar.
Putinin açıqlamasındakı “demoqrafik proseslər” söz birləşməsi havayı deyilməyib və ruslar üçün acı reallığı əks etdirir.
Gerçəklik budur ki, SSRİ dağılandan bəri bu ittifaqa daxil olan müsəlman respublikaların hamısında əhali artımı qeydə alınıb, Rusiyada və digər xrstian ölkələrdə isə əhali azalıb və tendensiya davam edir. SSRİ bərpa olunsa və müvafiq tendensiya davam etsə (məhz elə də olacaq), onda Qafqaz və Orta Asiya ölkələrindən olan əhali kütləvi şəkildə Rusiya ərazisinə axışıb, məskunlaşacaq, paytaxtı və iri şəhərləri tədricən zəbt edəcək, rus “etnik özək” daha da aşınacaq və rus dövlətçiliyinin 50-100 il sonrası təhlükə altına düşəcək. Bu “demoqrafik işğal”dan qurtulmağın yolu “keçmiş qardaşlar”ə öz “milli mənzillər”ində saxlamaq, onların Rusiyada artımının qarşısını almaq, yeri gələndə ölkədən deportasiya etmək üçün rıçaqlara malik olmaqdır.
Bəs Rusiyanın neoimperialist ambisiyası necə olsun? Axı bu dövlət daima daha da böyümək, qüdrətlənmək, nüfuz dairəsini genişləndirmək istəyir.
Kreml bu ideyadan vaz keçmir və bu tezlikdə, bəlkə də heç zaman vaz keçməyəcək. Sadəcə, bu dövlət yaranmış situasiya ilə hesablaşacaq, planlarına yüngülvari dəyişikliklər edəcək, müasir terminologiyalardan yararlanacaq.
İndilikdə Rusiyanın strateqləri düşünür ki, öz “arxa bağça”larını, yəni keçmiş müstəmləkələrini heç kəsə güzəştə getməsinlər. Göründüyü kimi, Rusiya Ukraynanı və Gürcüstanı əlindən Qərbə qapdırmaq istəmir. Ermənistanın ayrılıq havası çalmasının ona necə baha başa gəldiyi heç kəsə sirr deyil.
Rusiya Azərbaycanın Türkiyə ilə qardaşlaşmasına qarşı deyil, amma onların vahid dövlətdə birləşməsinə qarşıdır. Ayrıca İran Azərbaycan torpaqlarına hər hansı iddia edə bilməz, qarşısında Türkiyədən öncə Rusiyanı görər. Sabah Əfqanıstanda hakimiyyətə yiyələnən militarist qüvvələr Türkmənistana, Tacikistana problem yaratsa, Rusiya hərəkətə keçər. Çin Qazaxıstan və Qırızıstan ərazisinə yerisə, Moskva tərəfindən geri oturdular və s.
Durum bu cürdür. Amma SSRİ xiffəti çəkənlər, “buralar rusun olub və əvvəl-axır rusun olacaq” deyə ətraf ərazilərin yenidən böyük rus imperiyasına daxil olacağını gözləyənlər xatircəm olsunlar: elə şey olmayacaq.