Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın pop mədəniyyəti olan K-Pop-u “təhlükəli bir xərçəng” olaraq xarakterizə edib.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The New York Times” qəzetində məlumat yer alıb.
Kim Çen In, bu yaxınlarda Cənubi Koreya serialları və filmlərini satdığı üçün ailəsi və 500 nəfərin qarşısında bir Şimali Koreya vətəndaşını güllələtdirib. Kim Çen In əhali arasında Cənubi Koreya məzmunlu hər hansı bir detala rast gəlinərsə ölüm daxil olmaqla daha ağır cəzaların tətbiq ediləcəyini söyləyib.
Şimali Koreya liderinin ölkəsinin mədəniyyətinə ziyan vurduğu səbəbiylə K-Pop-a qarşı bir kampaniya başlatdığı da açıqlanıb.
Cənubi Koreyanın populyar mədəniyyət məzmununun ölkəsindəki “geyim, saç düzümü, danışıq tərzi və davranışını” pozduğunu düşünən Kim Çen In, təhlükəsizlik işçilərinin bu məsələ ilə bağlı ciddi şəkildə məşğul olacağını bildirib. Kim Çen In bütün bunlara nəzarət edilməzsə, Şimali Koreyanın “Yaş bir divar kimi olacağını, ölkənin dağılacağını” söyləyib.
Cənubi Koreyada nəşr olunan “Daily NK” qəzeti, keçən il Şimali Koreyanın Cənubi Koreyaya aid filmləri izləyən və ya musiqisinə qulaq asan şəxslərin cəza düşərgələrində işləməyə məcbur edən bir qanun qəbul etdiyini yazıb. “Daily NK” yazdığına görə, qəbul olunan qanuna əsasən “K-content” izləyən və ya saxlayan hər kəsi 5 ilə 15 il arasında həbs cəzası gözləyir.
Turan Oruc
Medianews.az