Prezident İlham Əliyevin Vətən Müharibəsi dövründə BBC-yə verdiyi müsahibə “Twitter”də son günlərin femomeninə çevrilib.

İlham Əliyev müsahibədə aparıcının ittiham xarakterli suallarına sərrast və peşəkar şəkildə cavab verir və eyni zamanda özü aparıcıya sual ünvanlayır.

Çıxılmaz vəziyyətdə qalan aparıcı isə mövzunu dəyişmək məcburiyyətində qalır.

Müsahibədən bu fraqmentlər “Twitter”də çoxlu müzakirələrə səbəb olub və baxış sayı 3 milyonu ötüb.

İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

Bu onun göstəricisidir ki, Prezident İlham Əliyev Vətən müharibəsi dövründə verdiyi müsahibələrlə təkcə döyüş meydanında deyil, informasiya müharibəsi platformasında da Azərbaycanın maraqlarını layiqincə müdafiə edib.

İlham Əliyevin müsahibəsinin bir hissəsinin “Twitter”də yayımlanması xeyli müzakirələrə də səbəb olub.

Prezidentin mətbuat azadlığı barədə dedikləri, Culian Assanjın təzyiqlərə məruz qalmasını xatırlatmasını bir çox istifadəçi müsbət dəyərləndirib.

Şərhlərdə Prezident İlham Əliyevin səlis ingiliscəsi, professional yanaşması barədə fikirlər səsləndirilir.

Xatırladaq ki, İlham Əliyev bildirmişdi:

“Burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur”.

Qeyd edək ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı 30-dan artıq xarici KİV-ə müsahibə verib.

Bu onu göstərir ki, İlham Əliyev informasiya platformasına xüsusi önəm verib. Prezident şəxsən informasiya cəbhəsində bütün hücumlara cavab verib.

Bu müsahibələr Azərbaycanın müharibədə əlini daha da gücləndirmişdi.