Ötən həftə Avrasiya İttifaqının Rusiyanın Kazan şəhərində keçirilən toplantısı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur danışıqlarında gizli şəkildə iştirak etdiyi iddia edilir. 10 noyabr bəyanatına əsasən reallaşmağa ən yaxın olan məsələ kimi Zəngəzur dəhlizinin istifadəyə verilməsi planı Kazanda keçirilən toplantı zamanı Paşinyanın sözügedən gizli iştirak ilə bir qədər də həllinə doğru önəmli addım kimi yadda qaldı.

Ermənistanda bütün diqqətlərin yönəldiyi parlament seçkiləri ilə əlaqədar hələlik erməni ictimaiyyətindən gizli saxlanılan görüşdə fakt qarşısında qoyulan Paşinyanla bu təmasda vacib razılaşmalar əldə edilib. Ehtimal olunur kı, 2021-ci ilin dekabrın 1-dən, ən geci 1 yanvar 2022-ci ildən Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur avtomagistralı açılacaq. Təxminən eyni vaxtda Ermənistandan İrana və Rusiyaya nəqliyyat işə düşəcək. Bununla da 10 noyabr bəyanatına uyğun olaraq ilkin mərhələdə Zəngəzur magistralı, sonra isə dəmiryolu xətti işə düşəcək. Təxribatlar baş verməsə bütün bunların regionda göstərilən zamanlarda reallaşacağı qaçılmaz olacaq.

Eyni zamanda Paşinyanın Kazana budəfəki səfəri biabırçı hadisələrlə də yadda qaldı. Səfər zamanı Paşinyanın təyyarəsində yaranan texnik nasazlığı aradan qaldırmaq mümkün olmadığından, müvəqqəti olaraq istefada olan erməni baş nazir ölkəsinə dönə bilmək üçün 50 min dollara xüsusi təyyarə icarəyə götürmək məcburiyyətində qalıb. Halbuki həmin vaxt Azərbaycanın dövlət başçısı “Boeing Commercial Airplanes” şirkətinin rəhbərilə Qarabağda yeni tikiliəcək aeroportlar haqqında danışıqlar aparırdı. Bir ölkənin rəhbəri təyyarəsi xarab olduğu üçün geri qayıda bilmədiyi halda, digəri dünyanın ən böyük təyyarə şirkətilə yeni tikiləcək aeroportlarla bağlı əməkdaşlığı genişləndirmək haqqında müzakirələri ilə dünyanın diqqət mərkəzində idi.

Həmin ərəfədə Azərbaycanın siyasi və hərb tarixində önəmli daha bir hadisə baş verdi. ABŞ Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək, 907 nömrəli düzəlişin dondurulması barədə xəbər verdi. Bununla da, Azərbaycanın ABŞ-dan hərbi təyinatlı məhsullar ala biləcəyi dəqiqləşdi ki, bu da Ordunun hərbi qüdrətini daha da artırmaq üçün növbəti alternativ deməkdir.

Bütün bu hadiəsələrin fonunda Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibə Qarabağdakı vəziyyəti daha da yaxından anlamağa imkan verir. Müharibədən 6 ay keçsə də, erməni əhalsinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi getdikcə aktuallaşır: “Separatçı rejimin daxilində çaxnaşma və qarşıdurma var. Xankəndi ətrafında zaman-zaman atəş səsləri eşidilir (bu, Akopyanın iddiasıdır)”. Açıqlamasında daha çox onun bu sözləri diqqət çəkir: “Rəhbərlikdən” (atəşlə bağlı – red.) soruşanda bizə deyirlər ki, bu normaldır, çünki ən azından bu şəhərin Azərbaycanın olduğunu nəzərə almalıyıq. Sülhməramlıların nə etdiyini soruşanda bildirirlər ki, onlarla danışmışıq, bunu tənzimləməyə çalışırlar”.

Rəsmi Bakı da artıq daha yaxşı anlayır ki, Xankəndidə istədiyimizə nail olana qədər nə ermənilərə, nə də sülhməramlılara rahatlıq verməliyik. Necə ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri ölkə və dünya ictimaiyyətinə mühüm mesajlarla yadda qalır. Zəngilan və Cəbrayıl rayonlarına təşkil olunan səfər kimi. Prezident İlham Əliyev Ermənistanda baş qaldırmaq istəyən revanşistlərə, təxribatçılara bu dəfə də sərt mesaj göndərdi. Dövlət başçısı qətiyyətlə bildirdi ki, ermənilər növbəti təxribat törədəcəkləri təqdirdə, yeni tarixi dərs almalı olacaqlar.

Ümumiyyətlə, Ermənistanın dalandan çıxmaq yolu Azərbaycanın çağırışlarına cavab verməklə bölgədə sülh və əməkdaşlıq prosesinə qoşulmasından keçir. Son hadisələr bir daha göstərir ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət edir. Sərhədlərimizin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” pilot layihəsinin icrasına başlanması dediklərimizin əyani sübutudur. Vaxtilə Azərbaycanın ən sərt xəbərdarlıqlarını qulaqaradına vuran, özlərini işğalın yaratdığı situasiyanın ağası kimi hiss edən qondarma rejimin “səlahiyyətliləri” 44 günlük müharibənin regionda və bölgədə yaratdığı yeni reallıqlardan sonra qulaqlarını və gözünü açmağa, Bakıdan verilmiş qərarları diqqətlə izləməyə məcbur qalıb.

Bunun təsdiqi kimi aprelin 30-da Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının buraxılmasına, əvəzində “Qarabağa qayıdış” adlı yeni təşkilatın yaradılmasına Xankəndindən dərhal reaksiya verilməsi faktını göstərə bilərik. Qarabağda hələ də özünü “nazir” hesab edən David Babayan erməni mediasına müsahibəsində bu məsələdən danışarkən deyib ki, bu “qayıdış”dan narahatdılrlar, çünki bu məskunlaşma “erməni əhalisinin sıxışdırılıb çıxarılmasına” yönəlib, “Qarabağa qayıtması planlaşdırılan adamların çoxu əvvəllər burada yaşamayıb” və s.

Buradan aydın görünür ki, 30 illik işğal dövründə torpaqlarımıza dünyanın hər dərəsindən erməni ailələri gətirib zorla məskunlaşdıranlar, indi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağından ciddi narahatdırlar. Heç kimə sirr deyil ki, üçtərəfli bəyanatdan 5 aydan artıq bir müddət keşçməsinə baxmayaraq hələ də bugünə kimi mina xəritələrinin verilməməsinin əsas səbəbi həm də budur. Bakıda bir təşkilatın adını dəyişməsinə dərhal reaksiya verilməsi də onu göstərir ki, azərbaycanlıların tezliklə doğma torpaqlarına qayıtmaq planı separatçı ermənilərin yuxusunu qaçırıb. Fərqindədirlər ki, bu məskunlaşma Qarabağa qayıtmış ermənilərin ümidsüzlüyünü daha da artıracaq, ermənilərin Qarabağdan qaçaqaçı başlayacaq.