Rusiyanın radikal millətçi siyasətçisi, Liberal-demokrat partiyasının (RLDP) sədri Vladimir Jirinovski 1969-cu ildə Türkiyədə həbsxanada yatdığını söyləyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzeti məlumat yayıb.
Bilindiyi kimi, V.Jirinovski türk dilini Moskva Dövlət Universitetində Şərq dilləri institutunda öyrənməyə başlayıb. 1969-cu ildə o, Sovet İttifaqının Türkiyədə tikdiyi kükürd turşusu istehsalı edən zavodda tərcüməçi kimi çalışıb.
Vladimir Jirinovskinin sözlərinə görə, həmin vaxtlar sovet əskinaslarını xarici aparmaq yasaqmış və o, Şeremetyevo hava limanında əlindəki 3 rubla sovet nişanları alıb.
“Türkiyədə kimlə söhbət edirdimsə ona bir nişan hədiyyə edirdim. Lakn həmsöhbətlərimin yanında mütləq bir MİT əməkdaşı olurdu. Onlar bizim hamımızın casus olduğunu düşünürdülər. Elə ona görə də həmin nişanlara görə məni həbs etdilər”,-deyə rusiyalı siyasətçi danışıb.
V.Jirinovskin bəhs etdiyi nişanlarda Avrora gəmisi, oraq və çəkic, Kreml qüllələri əks olunubmuş. Həmin vaxt Vladimir Jirinovskini hətta 20 ilə qədər həbs cəzası gözləyirmiş. Lakin sonradan hakim onu sərbəst buraxıb. O dövrə qədər RLDP lideri 17 sutka içəridə qalmalı olub.
“Çox xoşagəlməz bir vəziyyət var idi. Həyatımda ilk dəfə başqa ölkədə bir həbsxanada oldum. Mənim kamera yoldaşlarımın biri qatil, biri narkoman, biri kommunist idi. Mən isə heç bir günahı olmayan tələbə…”.
Vladimir Jirinovskinin sözlərinə gprə, həbsxanada pulsuz yalnız su və çörək verirmişlər.
“Ancaq bütövlükdə baxanda şərait o qədər də pis deyildi”,-deyə o söyləyib.