Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosundan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə təkidlər səsləndirirlər.

İstifadəçilərin fikrincə, bu cür video ilə gündəmə gələn H.Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.

Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb.

Şuranın sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb:

“Bəlkə, bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən… olubdur…”

Xatırladaq ki, məlum videonun səs-küy yaratmasından sonra Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində icra etdiyi kafedra müdiri vəzifəsindən azad olunub.

H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir. Texnika elmləri doktoru, professorudur.

2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.