Ramazan ayında oruc tutarkən qida rasionuna düzgün əməl etmək çox vacibdir. Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoyur.
Yeni növ koronavirus (COVID-19) infeksiyası immuniteti zəif olanları daha tez yaxalayır və onların xəstəliyi daha ağır keçir. Həkimlərin fikrincə, pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdırlar ki, immunitet sistemi zəifləməsin.
Pulmonoloq, reanimatoloq Vüqar Səfərov da BAKU.WS-ə açıqlamasında bildirib ki, pandemiya şəraitində insanlar xüsusilə diqqətli olmalıdırlar.
“Xəstə insanların oruc tutmağı təhlükəlidir. Lakin xəstəlik sağalıbsa, bu zaman elə bir təhlükə yoxdur.
Ümumiyyətlə, hazırkı vaxtda insanlar sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Təmiz havada olmalıdırlar. İftar və imsaq zamanı yaxşı qidalanmalıdırlar. Meyvə və tərəvəzlərdən bol istifadə etmək mütləqdir. Yeməkdən sonra da bol su qəbul etmək məsləhətdir.
Səhər yeməyi zamanı yumurta, duzu az olan pendir, ağartı məhsulları qəbul edilməlidir. Susuzluğu yatıran meyvə və tərəvəzlərin yeyilməyi məsləhətdir.
İftar açarkən birdən-birə mədəni çox yükləmək olmaz. Buna görə də hissə-hissə yemək lazımdır. Yaxşı olardı ki, əvvəlcə sulu xörəklərdən istifadə edilsin. İftar süfrəsində ət, toyuq, balıq, göbələk və tərəvəz yeməkləri ola bilər. Süfrədə göyərtilərin olması həzm traktını yaxşılaşdırır, metobolizmi sürətləndirir və artıq çəkinin yaranması prosesinin qarşısını alır.
Meyvələr yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən təxminən bir saat sonra meyvə yeyilə bilər”, – deyə Vüqar Səfərov bildirib.
Mövzu ilə bağlı həkim-infeksionist Natiqə Qocayeva ilə də əlaqə saxladıq. Natiqə Qocayeva BAKU.WS-ə açıqlamasında qeyd etdi ki, oruc tutmaq insan orqanizmi üçün nəinki ziyandır, əksinə, düzgün tətbiq olunarsa, ac qalmağın xeyirli tərəfləri də var.
“Ac qalmağın tibbi baxımdan da üstün cəhətləri var. Qaraciyər və böyrək də təmizlənir. Ac qalanda insan bədəni artıq yüklənmədən təmizlənir. Orucdan faydalanmaq üçün insanlar yaxşı qidalanmalı, vitaminlər qəbul etməlidirlər”, – deyə həkim bildirib.
Mütəxəssis deyir ki, xəstə və koronavirusdan yenicə sağalan insanların oruc tutmağı isə sağlamlıq üçün təhlükəlidir: “Yenicə koronavirusdan sağalanların oruc tutmağı məsləhət deyil. Çünki onların bədəni zəifləyib, immunitet sistemləri zədələnib. Bu səbəbdən də onların ac qalması bir az da zəifləmələrinə səbəb olur”.