Ermənilərin 1918-ci ilin bu günündə Bakıda törətdiyi qırğının 103-cü ildönümüdür. Bundan əvvəl və sonra onlar Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, eləcə də Zəngəzur, Göyçə və Vedibasarda bənzər cinayətlər törədiblər.
Təsəvvür edin, o hadisələrdən 50-60 il əvvəl Bakıda bir nəfər də olsun erməni yaşamadığı halda 20-ci əsrin əvvəllərində artıq Bakıya tam sahibləniblər, onu aşağı-yuxarı “erməni şəhəri”nə çeviriblər, burada hökumət qurublar və 1933-cü ilə qədər 3 dəfə ölkəmizə rəhbərlik ediblər.
1918-19-cu ildə Stepan Şaumyan, 1926-29-cu illərdə Levon Mirzoyan, 1933-cü ilin fevralından dekabrına qədər isə Ruben Rubenov Azərbaycanı idarə edib.
Ancaq bura qədər ermənilərin Bakıya yiyələnməsinin müəyyən tarixçəsi olub.
Ermənilərin Bakıya marağı Abşeron yarımadasında neft quyuları fəvvarə vurduqdan sonra yaranıb. Tezliklə məlum olub ki, Bakı milyardlar səltənətidir.
Azərbaycan türkləri öz dədə-baba torpaqlarının altında, yerin təkində, o vaxtlar çox dayazda, su quyusu qazdıqda belə çıxan, son 150 ildə dünyanın başlıca yanacağı sayılan neftin, böyük sərvətin olduğunu yenicə bildikləri vaxt artıq dünyanın o başından – Almaniyadan, İngiltərədən, Fransadan, Rusiyadan, Gürcüstandan sərvət ovçuları Bakıya axışıblar.
Onların içində erməni sahibkarlar da olub. 1962-ci ildə sahibkar A.Vermişyan gəlib, Bakıda kerosin zavodu açıb.
1863-cü ildə C.Məlikyan Bakıya cumub.
1865-ci ildə Tatosyan özünü Odlar Yurduna çatdırıb.
1869-cı ildə Ter-Akopyan, Şarbandyan, Kələntaryan iyli və yağlı şirənin qoxusuna gəliblər.
1871-ci ildə Dildaryan, Tarayan Bakıya yerləşərək zəmanənin çağırışına qoşulublar.
Daha sonra Aleksandr Mantaşyans (Mantaşov) Bakıdan öz “nəsib”ini almaq üçün yiyəsiz məmləkətə qədəm basıb.
Ondan sonra bu işi onun oğlu Levon Mantaşov və qardaşları davam etdirib.
Bütün bu və digər erməni sahibkarlar Bakının sərvətini sümürməklə yetinməyiblər, Tiflisdə, Eçmiədzində, Gəncə civarında, Anadoluda, Təbriz tərəflərdə yaşayan qohum-əqrəbalarını, nəsil-nəcabətlərini, digər soydaşlarını toparlayıb Bakıya gətiriblər.
Beləcə, Bakının erməniləşdirilməsi prosesi başlanıb. Azərbaycan türkləri, iranlı həmşərilər, tatlar Bakının ucqarlarında, Bayılda, Çəmbərəkənddə, dağüstü məhəllələrində , ətraf kəndlərdə yaşadıqları halda, şəhərin böyük pullar hesabına salınan mərkəzi küçələrində ermənilər, ruslar və digər gəlmə əhali məskunlaşıb.
Bakı Rusiya imperiyasının Peterburq və Moskvadan sonra 3-cü ən varlı və müasir şəhərinə çevrilib.
Gürcü mənşəli rus yazıçısı Boris Akuninin Bakıdan bəhs edən “Qara Şəhər” romanında 1914-cü ilin Bakısı haqqında, ermənilərin buradakı durumu, davranışı barədə dəyərli faktlar var.
Erməni mənşəli Azərbaycan yazıçısı Aleksandr Şirvanzadənin “Xaos” romanında da inqilabdan əvvəlki Bakıda erməni varlıların paytaxtımızda çıxardığı oyunlardan, qudurğanlıqlardan bəhs olunur.
Ermənilər Bakıda neft sənayesində ciddi söz sahibi olduqları kimi şəhərin kübar cəmiyyətində, mədəni həyatında da nüfuz yiyəsinə çevriliblər. Bu tendensiya şəhərin kriminal aləmini də əhatə edib, şəhərdə belinə “Mauzer” markalı tapança taxıb gəzən ermənilər çoxalıb. Onlar müstəqil qoçular olmayıblar, əsasən erməni neftxudaların mühafizə dəstəsində əl buyruqçusu olaraq işləyiblər.
Bununla da qalmayıb, Bakı proletariat şəhəri, inqilab ocaqlarından biri olduğu üçün şəhərin sənaye-istehsalat müəssisələrində çar mütləqiyyətinə qarşı başlanan fəhlə hərəkatının da liderləri və fəalları ermənilər olublar. Təkcə Şaumyanın ətrafına toplaşan erməni bolşevik və eserləri xatırlamaq kifayətdir.
Onların arasında Əmiryan, Avakyan, Mikoyan, Xanferyans, Ağamiryan, Sarkis, Kostandyan, Osepyan, Tatevos, Boryan və onlarca, yüzlərcə başqaları olub.
Bu qədər mütəşəkkil və çoxşaxəli qüvvəyə malik olan ermənilər Bakıya tamam-kamal sahiblənmək, yerli əhalini şəhərdən, bütövlükdə yarımadadan uzaqlaşdırmaq üçün sözün əsl mənasında genosid siyasəti yeridiblər.
Əgər Osmanlı qoşunu 1918-ci ilin yayında Bakıya, azərbaycanlıların köməyinə yetişməsəydi, Bakını zəbt edib ələ keçirmiş ermənilər yarımadanın dərinliklərinə dalıb Bakı kəndlərinin əhalisini də gülləbaran edib öldürəcəkdilər. Əsl niyyət bu idi.
102 il 6 ay əvvəl hansı bəladan kimin hesabına qurtulduğumuzu, xainlərə qucaq açmağın nə demək olduğunu heç zaman unutmamalıyıq.