Almaniyanın məşhur idman geyimi istehsalçısı “Adidas” törəmə şirkəti olan “Reebok”u satışa çıxarıb.

TASS xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir.

“Yeni beşillik inkişaf strategiyası çərçivəsində şirkət “Reebok” brendini sataraq, bütün diqqətini əsas ticarət nişanı olan “Adidas”ın beynəlxalq bazarlarda mövqeyinin möhkəmləndirilməsinə yönəltməyi qərara alıb”, – deyə bəyanatda bildirilir.

“Adidas”ın idarə heyətinin sədri Kasper Rorstedin sözlərinə görə, hər iki brend ayrı-ayrılıqda öz potensialını daha yaxşı reallaşdıra bilər

Xatırladaq ki, “Reebok” 2006-cı ildə “Adidas” tərəfindən satın alınıb. Onun satışa çıxarılacağı barədə ilk xəbərlər hələ ötən ilin dekabr ayında yayılmağa başlayıb.