Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Həsənoğlu küçəsində baş verib. Piyada keçidindən keçən qadını yüksək sürətlə hərəkət edən moped vurub. Hadisə nəticəsində qadın və sürücü xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində analoji qəzalar baş verməkdədir. “Moped sürücüləri qaydaları çox zaman kobud şəkildə pozur. Eyni zamanda bir sıra şirkətlər çatdırılma üçün vaxt limiti təyin edib. Məhz buna görə də sürücülər daha tez çatmağa cəhd edirlər. Nəticədə isə bu cür qəzalar baş verir.”

Vaqif Əsədov motosiklet və moped sürücülərinə də müraciət edib. “Qaydalar hamı üçündür. Mən moped sürürəm deyib qaydaları pozmaq yolverilməzdir. Əks halda bu həm inzibati məsuliyyət yaradır, həm də ağır nəticələrə səbəb olur.”