Daxili İşlər Nazirliyi Lənkəran şəhərində 4 tələbənin saxlanılması haqda yayılan məlumatlar barədə açıqlama verib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin 4 nəfər xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafə gözləmədən toplaşmağa cəhd ediblər:

“Bununla da həm də ictimai asayişi pozmağa yönəlik hərəkətlərə cəhd ediblər. Buna görə də həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Onlar barəsində toplanan materiallar məhkəməyə göndərilib. Lənkəran şəhər məhkəməsinin qərarı ilə 4 şəxsin hər birinə xəbərdarlıq edilib və sərbəst buraxılıblar”.

Qeyd edək ki, bu gün təhsillə bağlı bəyanat oxumaq istəyən Əhməd Məmmədli, Cəlil Zabidov, Samir Axundzadə və Lənkəran Dövlət Universitetinin tələbəsi Orxan İsgəndərli saxlanılıblar.