Norveçli mütəxəssislər COVID-19 əleyhinə “Pfizer” peyvəndi vurulduqdan sonra 23 nəfərin ölüm səbəblərini araşdırırlar. Bu barədə ölkənin Dərman Vasitələri Agentliyi məlumat yayıb. “Vaksinasiya nəticəsində 23 ölüm halı müəyyən olunub. Hazırda onlardan 13-ü araşdırılıb. Peyvəndin əks təsirləri yaşlı insanlarda olan digər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər”, – deyə məlumatda bildirilir. Qeyd edək ki, Norveçdə vaksinasiya dekabrın 27-dən etibarən başlayıb. İlk olaraq Oslodakı qocalar evlərinin sakinləri peyvənd olunub. Hazırda vaksinasiyadan keçənlərin sayı 25 min nəfərdir. Bütün ölüm halları 80 yaşından yuxarı şəxslər arasında qeydə alınıb.
Macarıstanın Baş naziri Qerqey Qulyaş bildirib ki, ölkəsi Avropa İttifaqından COVID-19 əleyhinə kifayət qədər vaksin əldə edə bilmədiyi üçün Çindən peyvənd almaq qərarına gəlib.
Bu barədə “Habertürk” məlumat yayıb.
Macar Baş nazir mətbuat konfransında bəyan edib ki, Aİ peyvənd tədarükündə çox ləng hərəkət edir və ölkəsi tərəfindən 19,7 milyon vaksin sifariş edilməsinə baxmayaraq bu günə kimi yalnız 129 680 nəfər vaksinlə təmin edilib.
Qerqey Qulyaş əlavə edib ki, Macarıstan hökuməti vaksin ehtiyacını qarşılamaq üçün bütün fürsətləri dəyərləndirərək Çin dövləti ilə müzakirələr aparıb və “Sinopharm” əczaçılıq korporasiyası ilə ilkin razılıq əldə edilib.
“Çindən bir milyon dozaya yaxın peyvəndin idxalı gözlənilir”, – deyə Macarıstanın Baş naziri vurğulayıb.