Gənc pianoçunun ifası sosial şəbəkələrdə izlənmə rekordları qırır.

Söhbət İsmayıllı rayonunun Diyalı kənd sakini Cavanşir Abdullayevdən gedir.

Qəhrəmanımız musiqi məktəbinin II sinif fortepiano şöbəsində dərs alır. Onun istedadı və ifası hər kəsi heyran edir.

Rayon icra hakimiyyətinin dəstəyi ilə 16 yaşlı pianoçunun sənəti dəyərləndirilərək ifa etdiyi “Vals” əsərinə klip çəkilib. Ekran əsəri İvanovkanın taxıl zəmilərində, Aşıqbayram gölünün ətrafında, Tircan kəndinin dağlarında, Buynuz kəndində, Topçu meşəsində, Göyçay çayında, Lahıc qəsəbəsində və başqa turizm potensiallı yerlərdə lentə alınıb. Gənc piano ifaçısının klipi tez bir zamanda məşhurlaşaraq, müxtəlif televiziya kanallarında, saytlarda və 100 minlərlə izləyicisi olan sosial şəbəkə səhifələrində paylaşılaraq geniş auditoriya qazanıb.

İfanı bir çox dünya şöhrətli musiqiçilər, həmçinin bu sahəyə uyğun tanınmış sosial şəbəkə səhifələri izləməyə alıblar. Hazırda onun kilipi şəhərin müxtəlif nöqtələrində quraşdırılmış monitorlarda yayımlanır.

İstedadlı pianoçu müxtəlif vaxtlarda insanların istirahət etdiyi park və məkanlarda konsert də verir. Onun ən böyük arzusu isə Konservatoriyada təhsil alaraq böyük arenalarda Azərbaycanı yüksək səviyyədə təmsil etməkdir.