Mövlanə Cəlaləddin Ruminin təbirincə desək, adamların göründüyü kimi olmaması və ya olduğu kimi görünməməsi məsələsi daima aktual olub, günümüzdə də elədir.
Nə edəsən ki, adamlar çox vaxt gendən olduğu kimi görünmürlər, ya da yaxınlaşırsan, görürsən ki, bir çoxu göründüyü kimi deyill.
Məsələn, qıraqqdan olduqca ziyalı, ağzıbütöv, təmkinli, namuslu adammış kimi görünən biriylə yaxından tanış olandan sonra görürsən ki, cahilin, çuğulun, cırtqozun, namussuzun biridir.
Yaxud olur ki, uzaqdan avaragorun, saf-salağın (bizim kəndə “səfsələk” deyərdilər) biri kimi görünən və ya o cür qələmə verilən adama yaxınlaşırsan, bir az söhbət edirsən, əmin olursan ki, adam saf, qəlbi təmiz, ətrafdakı insanlara qarşı sevgi dolu birisidir, sadəcə, öz eşşəkliyi üzündən başqa cür görünür.
Üçüncü variant da var: kənardan yaramazın, nadürüstün biri kimi görünən adamla tanış olandan sonra necə basıb-bağlayırsa, adamın başını bişirirsə, deyirsən, ölkədə bundan halal, dürüst, işgüzar adam yoxdur, amma bir gün elə bir alçaqlıq edir ki, 39-42-ci paralellərdə mövcud olan 3 oğraş adamdan biri olduğu ortaya çıxır.
Bax, insanlar belədir. Biz hərdən özümüzü yekə-yekə “insan sərrafı” adlandırırıq, amma əksərimizdə o qabiliyyət yoxdur. O mərifət yalnız qabağına çıxan hər kəs haqda pis düşünənlərdə ola bilər, onlar hələm-hələm yanılmırlar. Qalan hamımız kiməsə güvənəndə, ümid edəndə, kimisə yaxşı adam sayanda yanılırıq. Çünki insanlar situasiyaya görə dəyişirlər. Buqələmun qələt eləyər o cür dəyişə bilər.
Mən gənc məzun olub təyinat yerində işləyəndə bir müdirimiz vardı, baməzə, lotu, seyid olsa da, yeyib-içən kişiydi, nüfuzluydu, rayonun birinci katibinin gözünün işığıydı, ikinci katib isə onu didməyə hazır idi. Bir gün birinci katibi dəyişdilər. Yeni birinci katibi nə təhər doldurmuşdularsa, müdirimizi yaxın buraxmırdı, iclaslarda yerli-yersiz danlayırdı, pisikdirirdi. Biz iclasdan çıxıb qayıdanda müdir deyirdi ki, yarımca saat vaxt lazımdır ki, onunla söhbət edim, barəmdə fikrini dəyişsin.
Bir-iki aydan sonra birinci katib və müdirimiz bir yerdə, dağların qoynundakı kənddə rastlaşıblar və məcburiyyət üzündən söhbətləşəsi olublar. Bizim dildən pərgar müdir o görüşdə nə danışmışdısa, özünü necə təqdim etmişdisə, yeni raykomun zəif damarını necə tutmuşdusa, münasibətlər kardinal şəkildə dəyişdi. Ondan sonrakı iclaslarda raykom üzünü partiya və təsərrüfat fəallarına tutub deyirdi: “Bu rayonda tək bircə nəfər öz yerindədir. Yeganə çalışqan, səriştəli, bacarıqlı adam seyiddir”.
İndi deyirlər ki, əslində Siyavuş Novruzov çölçülükdə yaxşıdır, yeyib-içən, deyib-gülən adamdır, hal əhlidir. Yoldaşlığım olmayıb, bilmirəm, bəlkə də elədir. Mən onu MM-in iclaslarında həmişə müxalifətə, cəmiyyətin ayrı-ayır qruplarına qarşı tərs və ədalətsiz, aşağılayıcı və töhmət-təhniz edə-edə danışan görmüşəm.
Məsələn, bir dəfə MM-in iclasında Novruzov belə dedi: “Prezidentin kəsdiyi lentlərdən müxalifət liderlərinə kostyum çıxar”. Cənab deputat bu sözləri deyəndən sonra elə bir güldü ki, əslində o gülüşə iş düşürdü, sadəcə, CM-də müvafiq maddələr olmalıdır.
Belə baxanda o sözdə və gülüşdə təhqir-filan yoxdur, amma həmin liderlərin minlərlə tərəfdarı eyni anda öz rəhbərlərini qırmızı lentlərdən tikilmiş kostyumda təsəvvür edərək Novruzova rəğbət bəsləməyəcəkdilər və budur, onun düşdüyü quyunun qırağına gəlib aşağı baxır, eynilə onun güldüyü kimi gülürlər.
İndi məlum olur ki, akademik də insan sərrafı deyilmiş. Vaxtilə yaxşılıq elədiyi, vəzifə, mandat verdiyi, irəli çəkdiyi, himayə etdiyi xeyli adam ağsaqqalın üzünə ağ oldu. Deməli, onlar göründükləri kimi deyilmişlər, ya da olduqları kimi görünmürmüşlər.
Yenə gəlib çıxırıq insanların situasiyaya uyğun davranması məsələsinə.
Heç yazıq buqələmunu da qınamaq olmaz. O da başını qorumalıdır, ya yox? Hərgah o rəngini dəyişməsə, ya ilan tərəfindən udulacaq, ya da quzğunun, bayquşun dimdiyində qalacaq.
Təbiət və siyasət amansızdır. Biri kərtənkələni buqələmuna döndərir, o biri – insanı buqələmuna.