Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törədiblər. Bu isə Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərir. Bu fikirləri prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında ASAN könüllüləri ilə görüşündə səsləndirib:

“Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi – dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi.”

Dövlət başçısı əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən 4-ü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəkləyib. Hər kəs yaxşı bilir ki, münaqişəni törədən Ermənistandır. Heç kəs üçün də sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir:

“Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir.”

Prezident İlham Əliyev Ermənistanın baş nazirin Azərbaycana yeddi şərt irəli sürməsi məsələsinə də toxunub:

“Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq…… Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır.”

7 şərtin qarşısına bir şərt qoyduğunu bildirən dövlət başçısı qeyd edib ki, erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.