Azərbaycan Respublikası Milli Məclisi ötən gecə parlamentin qarşısında və daxilində baş verən hadisələrlə bağlı məlumat yayıb.
Musavat.com xəbər verir ki, məlumatı media nümayəndələrinə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli brifinq keçirərək təqdim edib.
Məlumatda bildirilir: “Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik”.
Məlumatda bildirilir ki, bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir: “Bu gün Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq. Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq”.
Qeyd edək ki, ötən gecə şəhidlərimizin xatirəsinə həsr olunmuş izdihamlı yürüşdən və anım mərasiminin sonlarında bir qrup naməlum şəxs Milli Məclisin foyesinə zorakılıqla daxil olublar və orada dövlət əmlakına qəsd hərəkətlərinə yol veriblər.
Faktla bağlı cinayət işi qaldırılıb. Milli Məclis təxribatçı dəstənin törətdiyi hərəkətləri pisləməklə yanaşı, hadisə yerindən bir sıra fotolar da yayıb. Onları sizə təqdim edirik: